
“Bu gün İkinci Liqadakı rəqabət Premyer Liqadakından güclüdür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Bakı”nın sabiq kapitanı Cəmşid Məhərrəmov deyib.
İllər öncə futbol sektorundan ömürlük uzaqlaşdırılmış müdafiəçi ölkə çempionatını yaxından izləməkdə davam etdiyini bildirib:
“İkinci Lqada çempionatın sonuna 2-3 tur qalmış “Şəfa”yla “Şahdağ Qusar” arasında “qırğın” getdi. Öz aralarında oynadılar, biletlərin hamısı satıldı.
Yaxud Birinci Liqanın autsayderlərinin mübarizəsinə baxaq. “Difai”, “Cəbrayıl” və “Qaradağ Lökbatan” sonuncu olmamaq üçün amansız mübarizə apardı.
Autsayderlərin oyunlarına baxırsan, gərginlik o həddədir ki, elə bil, çempionluq uğrunda oynayırlar.
Premyer Liqada hər şey fərqlidir. “Qarabağ” çempiondur, “Zirə” ikincidir, “Səbail”in elitadan düşəcəyi öncədən bilinirdi.
Rəqabət yaranmayana qədər maraq istənilən səviyyədə olmayacaq”.