Azərbaycan futbolunda bir çox nəsnələrə bundan yaxşı örnək, nümunə?

4 İyun 17:00 Azərbaycan Futbolu 294
Azərbaycan futbolunda bir çox nəsnələrə bundan yaxşı örnək, nümunə?

Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi Azərbaycan milli komandası oldu.

Daha əvvəl Avropa çempionu olan yığmanın uğurunu ciddi qəbul etməyənlər də var.

Ki, adıçəkilən idman növünü FİFA qəbul etmir.

Ciddi arqumenti olan fikirdir.

Fikirlərə hörmətsizlik etmək isə ən azı etik cəhətdən doğru deyil.

Bu da bir yanaşma, şəxslərin şəxsi mövqeyidir.

Lakin əldə olunan bir uğuru ciddi cəhdlə, hər fürsətdə gözdən salmaq cəhdi də kənardan yaxşı görünmür. Bu da mənim şəxsi mövqeyim.

Keçək əsas məsələyə...

Paytaxtımızda keçirilən və milli komandamızın uğuru ilə yekunlaşan 10 günlük yarışda yaşanan gözəllikləri görməzdən gəlmək olmaz.

"Özuşaqlarımız" həştəqindən başlayan milli kimliyimiz bir çox detallara özünü ehtiva etdi.

Bu söz sadəcə bir reklam, bir çağrış deyildi.

Milli komandanın özü idi. Heyətin bütünlüklə yerli uşaqlardan qurulması ilə.

Buraya federasiya rəhbərliyi, məşqçilər korpusu və bütünlükdə milli ətrafında cəm olan hər kəs daxildir.

Oyunlar zamanı milli musiqilərin səsləndirilməsi, azarkeşlərin dövlət bayrağı ilə silahlanması, milli şuarlar və.s.

Gimnastika arenasına cəm olan 7-8 min azərbaycanlı...

Kafelərdə, restoranlarda, iş başında oyunu izləyənlər...

Məhz həmin milliliyin ətrafında cəm olmuşdu.

32 ölkədən gələn millilər, azarkeşləri, rəsmiləri bizim kimliyimizə əyani şahidi oldular.

Ortada sözün bütün mənalarında həqiqi Azərbaycan millisi vardı.

Belə kimliyi özündə cəm edən yığmanın həvəskar turnirdə əldə etdikləri də böyük dəyər kimi qəbul edilməlidir.

Həm də illərdi böyük futbolda kiçilən milli komandalarımıza, klublarımıza yaxşı dərs olmalıdır.

Bu ölkədə hər kəs öz uşaqlarımız ilə uğur qazanmağın mümkünlüyünə qəbullanmalıdır.

Yola bu yanaşma ilə çıxmalıdır.

Qısası, həvəskar sayılan minifutbol yığmamızın qısası müddətdə əldə etdiyi uğurlar, federasiyanın yanaşması özünə peşəkar deyən bir çox nəsnələrə örnək, nümunə olmalıdır.

Meydanda olanlar başda olmaqla qələbədə əziyyəti olan hər kəsə isə yalnız təbrik düşür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu