Premyer Liqada 16 komanda və hər birinə 2 milyon manat...

21 May 2022 21:00 Araşdırma 3 654
Premyer Liqada 16 komanda və hər birinə 2 milyon manat...

Nəhayət, gələn mövsümdən Azərbaycan Premyer Liqasında komanda sayı 10 olacaq.

İki bölgə klubu – “Turan Tovuz” və “Kəpəz” də elitada çıxış edəcək. Amma hazırda mütəxəssislər bu komandaların maliyyə mənbələrinin neçə formalaşması haqda müzakirə aparırlar.

Məsələ burasındadır ki, yayılan xəbərlərə görə, AFFA hər bir kluba 500 min manat maliyyə dəstəyi ayıracaq. Bu məbləğ, təbii ki, Premyer Liqada çıxış etmək üçün yetərli deyil. Bəs çıxış yolu nədir?

Bütün klublar üçün eyni şərait yaradılsa...

Əslində AFFA-nın bu klublara verəcəyi məbləğ elə dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaitdən ayrılır. Premyer Liqada iştirak edən əksər klublar məhz dövlətin dəstəyi sayəsində fəaliyyət göstərirlər. Məsələn, qeyri-rəsmi məlumatlara görə “Şamaxı”, “Sumqayıt” hər mövsüm üçün 4-6 milyon manat vəsait alır. Belə olan halda, haqlı sual yaranır: Niyə “Şamaxı” dövlət dəstəyindən ildə 6 milyon, “Kəpəz” isə cəmisi 500 min manat əldə etməlidir? Dövlətin dəstəyi bütün klublar üçün bərabər şəkildə paylanmamalıdır? Belə olan təqdirdə, Premyer Liqada bütün klublar üçün eyni şərait yaradılmış olar və hər bir komanda dövlət vəsaitindən səmərəli yararlanmaqla gəlirlərini daha da artırmağı hədəfləyər. Bəs bu proses necə olmalıdır?

16 komandanın hər birinə 2 milyon manat

Azərbaycan dövləti, təxmini hesablamalara görə, il ərzində futbol təsərrüfatına 50-60 milyon manat dəstək verir. Bu vəsaitin daha səmərəli, o cümlədən bütün komandalar arasında bərabər və sağlam rəqabət mühiti şəraitində bölüşdürülməsi üçün 10 illik proqram tətbiq olunmalıdır. Deyək, ki, futbola dövlətin illik dəstəyi 60 milyon manat olacaq. Bu vəsaitlə həm elitanı, həm birinci divizion komandalarını maliyyələşdirmək olar, üstəlik, ikinci divizion da yaratmaq mümkündür. Növbəti mövsümdən elitada 10 komanda çıxış edəcək ki, bu da azdır. Azərbaycanda futbolun inkişafı üçün onun bölgələrə yayılması vacibdir. Ölkə çempionatında 16 komandanın iştirakı ən məqbul variantdır. Komandalar üçün də əsas problem bank təminatıdır. Yəni elitada iştirak etmək istəyən hər bir klub minimum 2 milyon manat maliyyəyə sahib olmalıdır. Bu maliyyə təminatını dövlət versə, 16 komandanın hər birinə illik 2 milyon manat vəsait ödənilməldir ki, bu da 32 milyon manat edir. Beləliklə, birinci diviziondan elitaya gələcək komanda “Turan Tovuz” və “Kəpəz”in durumunda olmayacaq. Onlar biləcəklər ki, çempionatda mövsüm ərzində sabit çıxış üçün bəlli məbləğ var. Daha da inkişaf etmək üçün əlavə mənbələr axtarışı isə işin digər yönüdür.

Mükafat fondu olmalıdır ki...

60 milyon büdcənin 10 milyon manatını da elitada mükafat fondu üçün ayırmaq olar. Bu məbləğin bir qismi mövsümün sonunda komandaların turnir cədvəlindəki yerinə görə bölüşdürülməlidir. Bir qismi isə stimullaşdırıcı tədbirlər üçün ayrılmalıdır – məsələn, mövsüm ərzində heyətində 21 yaşa qədər futbolçuların daha çox meydana çıxdığı komandalara əlavə vəsait verilə bilər. Mükafatlandırma sisteminə əlavə kriteriyalar da salmaq mümkündür.

Birinci divizionda rəqabət artacaq

Vəsaitin 10 milyon manatı isə birinci divizion üçün ayrılmalıdır. Birinci divizionda da 14-16 komanda olmalıdır. Hər bir komandaya mövsüm ərzində 500 min manat büdcə verilsə, bu, təxminən 7-8 milyon manat edəcək. Yerdə qalan vəsait isə çempionatın sonunda turnir cədvəlinə əsasən bölüşdürülməlidir. Belə yanaşma birinci divizionda sağlam və ciddi rəqabət yaradacaq. Təsəvvür edin ki, divizionda ilk 2 yeri tutan – yəni elitaya vəsiqə qazanan komanda mükafat olaraq 500 min manat əlavə vəsait əldə edir. Bunun üzərinə elitada iştiraka görə veriləcək 2 milyon manatı da gəlsək, sanballı məbləğ alınır. Bu vəsaitlə həmin komandalar elitada rəqabətə davam gətirəcək komanda formalaşdıra bilərlər.

İş adamları futbolun populyarlaşdığını gördükcə...

Ölkənin bütün regionlarında futbolun olmasını istəyiriksə, onda 2-ci divizionun yaradılması da vacibdir. 60 milyonluq büdcədən qalan 8 milyon manat isə ikinci divizionun formalaşamasına və bölgələrdə uşaq futbolunun inkişafına yönəldilə bilər. Bu proqrama10 il ərzində 600 milyon manat vəsait xərclənəcək. Təxminən, “Real”ın bir illik büdcəsindən 200 milyon manat az. Amma əvəzində futbol bütün ölkə ərazisinə yayılar, çempionatda sağlam rəqabət formalaşar. Futbola maraq artdıqca, uşaq futbolu da sürətlə inkişaf edər. Sahibkarlar, iş adamları futbolun populyarlaşdığını gördükcə, futbol təsərrüfatına gələ bilərlər. Beləcə, futbol biznesə çevriləcək. Biznesə çevrilən futbol isə özü-özü dolandırmağı bacaracaq. Bundan sonra isə dövlətin dəstəyini tədricən azaltmaq olar. Dövlət onsuz da futbola vəsait ayırır. Amma bu vəsait elə xərclənməlidir ki, sabah onun “əkdiyini” biçə bilək.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!