“Neftçi”nin futbolçusunu qovdu, “Qarabağ”ın üstünə göndərildi

14 Sentyabr 2021 16:00 Araşdırma 1 257
“Neftçi”nin futbolçusunu qovdu, “Qarabağ”ın üstünə göndərildi

“Qarabağ” – “Bazel” matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.

UEFA-nın Hakimlər Komitəsi Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur görüşünü belçikalı Erik Lambrextsə həvalə edib.

2014-cü ildən yaxasında FİFA-nın emblemini daşıyan 1984-cü il doğumlu referinin yolu indiyə qədər bizimkilərlə 3 dəfə kəsişib.

İlk dəfə 2016-nın yayında – “Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Şkendiya”nın qonağı olanda Lambrexts meydanda əsas söz sahibi olub.

Təmsilçimizin makedonlara 0:1 hesabı ilə məğlub olduğu görüşdə, o, bakılıların 5 futbolçusuna “sarı” göstətib, Vançe Şikovu 70-ci dəqiqədə meydandan qovub.

Azərbaycanın U-19 millisinin 2 oyununu idarə etməyə də imkan tapıb. Bu, həmin yaş qrupdan olan futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində baş verib.

2018-ci ilin noyabrın 14-də İsraillə keçirilən qarşılaşmada bizimkilər 1:4 hesablı yenilgiylə barışmalı olubsa, bundan 6 gün sonra U-19 millimiz Lixtenşteyni 3:0 hesabı ilə darmadağın edib.

Lambrexts bu 2 görüşdə penalti və qırmızı vərəqə qərarları ilə fərqlənməyib. Əvəzində, azərbaycanlı futbolçulara 7 dəfə “sarı” göstərib.

37 yaşlı ədalət təmsilçisi 2014-cü ildən bu yana aşağı yaş qruplarından ibarət millilərin oyunlarından tutmuş, Çempionlar Liqasının təsnifat mərhələsinin görüşlərinə qədər bütün kateqoriyalarda 40 beynəlxalq matça təyinat alıb.

Lakin indiyə qədər heç vaxt avrokubokların qrup mərhələsində görünməyib.

Bu isə o deməkdir ki, Erik Lambrexts bu sevinci ilk dəfə paytaxtımızda – Bakı Olimpiya Stadionunda yaşayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti