Azərbaycan futbolunun gələcəyini buldozerin qarşısına qatanlar kimlərdir?

22 İyul 2021 16:00 Araşdırma 1 471
Azərbaycan futbolunun gələcəyini buldozerin qarşısına qatanlar kimlərdir?

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət tərəfindən ölkədə həyata keçirilən bütün layihələrin əsasında insan faktoru dayanır.

Sağlam və savadlı vətəndaş gələcək Azərbaycanın inkişafının təminatçısıdır.

Bunun üçün isə ölkədə bütün sahələrdə infrastrukturun qurulması vacibdir. Dövlət bu yöndə öz işini görür. Amma infrastrukturun qurulmasına özəl sektor da cəlb edilməlidir. Xüsusən də idman təsərrüfatına.

Çox təəssüf ki, bu məsələdə olduqca ciddi problemlər mövcuddur. Özəl sektor nəinki idman sahəsinə cəlb edilib, hətta neçə illər əvvəl qurulmuş infrastruktur da dağıdılıb.

Doğrulmayan ümidlər

Özəl sektorun futbol təsərrüfatından perik salınması sayəsində bu sahə, demək olar ki, dövlətin yardımına möhtac qalıb. Təxminən 10 il əvvəl isə vəziyyət belə deyildi. Qaynarlıq vardı bu sahədə. İş adamları futbol təsərrüfatına yatırım edir, infrastrukturun qurulmasında iştirakçı olurdular. Bir-birinin ardınca futbol akademiyaları açılır, stadionlar inşa edilirdi. Ümid edirdik ki, bir neçə ildən sonra bu akademiyalarda yetişən futbolçular Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil edəcəklər. Amma ümidlər doğrulmadı. Bir neçə ildən sonra iş adamları futbol təsərrüfatını bir-birinin ardınca tərk etdilər. Onların qurduqları infrastruktur da tamamilə dağıdıldı. Bu yazıda dağıdılmış futbol akademiyalarından biri haqda bəhs edəcəyik.

Açılışı...
2005-ci ilin 10 oktyabrında, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalandı. Məhz bu sərəncamdan sonra ölkə futbolu canlanmağa başladı. Çox sayda sponsorlar futbola cəlb edildi. Həmin ərəfədə iş adamı Hafiz Məmmədovun "Bakı" futbol klubunu öz nəzarətinə götürməsindən sonra klubda böyük işlər görülməyə başladı. Ən uğurlu addım isə gələcəyə hesablanan "Bakı" futbol klubunun təlim-məşq bazasının yaradılması oldu. Bazanın tərkibində Futbol Akademiyasının yaradılması da prioritetlərdən idi. 8 sentyabr, 2011-ci ildə "Bakı" futbol klubunun təlim-məşq bazasının açılışı oldu. Açılışda ölkə prezidenti İlham Əliyev şəxsən iştirak etdi. Açılış mərasimində baza ilə bərabər, Futbol Akademiyası ilə bağlı da ölkə rəhbərinə məlumat verildi. Bildirildi ki, bazada Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqlar üçün yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılmışdı. İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, yeməkxana, soyunub-geyinmə otaqları, qonaqlar üçün oyunları müşahidə zalı da mövcud idi. Həmin vaxt akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnirdi. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulurdu.

Gəlməyən gələcək

Amma o "gələcək" gəlmədi/ O zaman deyilən gələcək bu günümüzdür. Bu gün isə baxımsızlıq, diqqətsizlik üzündən "Bakı" futbol klubunun təlim-məşq bazası ilə bərabər müasir standartlara cavab verən Futbol Akademiyası da tarixin yaddaşına köçüb. Bəlkə də "tarixin yaddaşına köçüb" ifadəsi çox yumşaqdır. Açılışını ölkə Prezidentinin etdiyi baza darmadağın edilib, buldozerlə yer üzündən silinib, milyonlar sərf olunan infrastruktur dağıdılıb, Azərbaycanın gələcək nəslinin inkişafına ölümcül zərbə vurulub. Kim edib bunları? Kimdir gələcəyimizin düşmənləri? Təəssüf ki, biz bu suallara cavab vermək iqtidarında deyilik.

Nə Mahir olacaq, nə də Namiq

"Bakı"nın akademiyasında futbolun sirlərinə yiyələnən Mahir Emreli bu gün ölkəmizi Polşada layiqincə təmsil edir. Emreli özü də açıqlamalarında dəfələrlə bildirib ki, "Bakı"nın akademiyasının onu bir vətəndaş, idmançı kimi formalaşmasında müstəsna xidmətləri var. Bir neçə dil bilən Mahir, öz intizamlı davranışları ilə də cəmiyyətimizdə özünün müsbət obrazını yarada bilib. Bu gün "Neftçi"ni çiyinlərində daşıyan Namiq Ələsgərov da "Bakı"nın akademiyasında futbolun sirlərini öyrənib və bir şəxsiyyət kimi yetişib. Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Ələsgərov artıq avrokuboklarda da öz sözünü deməyə başlayıb. Dünən Mahir Emreli ölkəmizi təmsil etmək üçün Polşaya gedibsə, bu gün də Namiq Ələsgərov bir başqa xarici ölkə klubuna getməyin astanasındadır. Kim bilir, bəlkə də, "Bakı"nın akademiyası məhv edilməsəydi, bu gün başqa Mahirlərdən, Namiqlərdən də danışa bilərdik. Amma istənilən halda, bu iki adın nümunəsi çox şeyi sübut etməyə yetərlidir. Ki, sağlam vətəndaş yetişməsi üçün idman önəmlidir. İdmanın olması üçün isə infrastrukturun olması mütləqdir. Ona görə də "Bakı" Futbol Akademiyaları kimi idman məkanlarını dağıtmaq yox, çoxaltmaq lazımdır.
Vitse-prezident səbəbləri deməsə də...

Azərbaycan futbolunun gələcəyini buldozerin qarşısına qatanlar kimlərdir?

Sabiq “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov Sportinfo.az-a verdiyi açıqlamada akademiyanın dağılmasının qarşısını almaq üçün bir sıra qurumlara müraciət etdiklərini bildirdi. Amma onların müraciətinə heç bir reaksiya olmayıb:

"Bakı" Futbol Akademiyası "Böyük "Bakı" layihəsinin bir hissəsi idi. Həmin akademiya üçün seleksiya xarakterli turnirlər keçirməyə başladıq. Bu məqsədlə Türkiyədən məşqçilər korpusu dəvət olunmuşdu. Azərbaycanın bütün bölgələrini gəzərək istedadlı uşaqları akademiyamıza gətirdik. 100-ə yaxın uşağın burada qalması, qidalanması və təhsillərini davam etdirmələri üçün bütün şərait yaradıldı. Simvolik olaraq akademiyanı Azərbaycan futbolunun paytaxtına çevirmişdik. Oradan çıxan uşaqların bir çoxu hazırda milli komandaların əsas heyət üzvləridir. Dövlət proqramı əsasında həmin akademiyanı uşaqların sərəncamına vermişdik.

Azərbaycan futbolunun gələcəyini buldozerin qarşısına qatanlar kimlərdir?

Akademiyanın sökülməsi ilə bağlı bütün dövlət qurumlarına məktublar göndərmişəm. Rəhbər şəxslərlə bir-bir görüşümüz olub. Həmin məktublar indi də qalır. Nəinki akademiyanın, hətta "Bakı" klubunun dağılmaması üçün AFFA-nın baş katibi Elxan Məmmədov böyük səy göstərmişdi. Amma müəyyən məsələlər həllini tapmadığına görə istəyimiz baş tutmadı. Niyəsini mən bilirəm, amma açıqlamaq istəmirəm. Mənim üçün qaranlıq heç bir şey yoxdur, sadəcə, hal-hazırda həmin səbəbləri demək istəmirəm”.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!