Şuşa səmasında atəşfəşanlıq və yerdəki yeni siyasi-diplomatik reallıq

16 May 2021 09:00 Araşdırma 732
Şuşa səmasında atəşfəşanlıq və yerdəki yeni siyasi-diplomatik reallıq

44 günlük şanlı müharibənin regionda yeni reallıq yaratdığı haqqında fikir bizim üçün artıq adiləşib.

Lakin Rusiya XİN rəhbərinin Ermənistan və Azərbaycana “Bayram həftəsi” (Pasxadan sonra Ramazandan əvvəl – K.R.) səfəri regionun müharibədən sonrakı dövrün hərbi-siyasi mənzərəsinin bariz şəkildə altını cızdı.

Bu sıfır həm də postmüharibə dövrünü analiz etmək üçün yaxşı fürsət idi. Hər iki səfər, keçirilən görüşlər, imzalanan sənədlər müharibənin nəticəsinin diplomatiyaya necə sirayət etməsinin göstəricisi idi. Bu dəyişikliyi səfər zamanı əksini tapan sadəcə 4 epizodda təhlil edək.

Birinci epizod. Lavrovun qarşılanma mərasimi. Rusiya XİN rəhbərinin İrəvana səfərinə ermənilər "ənənəvi" metodları ilə hazırlaşmışdılar. Sergey Lavrovun təyyarəsi İrəvan hava limanına enəndə bir qrup erməni etiraz aksiyası keçirdi. Amma bu "erməni şantajı" çox tezliklə iflas etdi. Belə ki, Ermənistan xarici işlər naziri hava limanına gedərək Lavrovu şəxsən qarşıladı. Bu, diplomatik protokolun pozulması idi. Qarşılanma mərasimi “qarşılıqlılıq” əsasında keçirilir. XİN sözçüsü demişkən, “bu xüsusda”, Ayvazyanı Moskvada Rusiya XİN orta səviyyəli məmurunun qarşılaması erməni mətbuatının belə diqqətindən qaçmadı. Erməni nazir isə özünü əyalət çinovniki kimi, vassal üslubu ilə apardı. Lavrovun Ayvazyanla, daha sonra Paşinyanla görüşləri, bu zaman verilən açıqlamalar, erməni nazirin bir qayda olaraq Lavrovu təkrarlaması və erməni siyasətçilərin Moskvadan xahişləri tipik quberniya məmurunu xatırladırdı. Hətta o qədər ki, erməni mediası buna görə hakimiyyəti tənqid etdi.



Bakıda isə hər şey protokola, yani qaydaya uyğun oldu, Sergey Lavrovu XİN-in protokol müdiri qarşıladı və müşayiət etdi. Rusiya və Azərbaycanın bərabərhüquqlu ölkə olduğu diplomatik dillə açıqlandı.

İkinci epizod. Bakıda və İrəvanda imzalanan sənədlər.

İrəvanda Rusiya və Ermənistan XİN arasında Bioloji Təhlükəsizlik Memorandumu imzalandı. Bu sənəd Rusiyanın Ermənistan ərazisindəki bioloji laboratoriyalara girişinə birtərəfli güzəşti təmin edir.

Bakıda da sənəd imzalandı. Sənəd, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı” adlanırdı. Bu barədə xüsusi izaha gərək yoxdur. Amma bu sənədlərin adı belə Ermənistan və Azərbaycan arasındakı fərqi çox gözəl izah edir.

Üçüncü epizod. Bakıda XİN-də keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Lavrovla tamhüquqlu danışıqlar apardı, hətta bəzən "ayar" verdi. Rusiya XİN rəhbərinin faşizmin təbliği və qəhrəmanlaşdırılması ilə bağlı suala cavab verərkən Ermənistanı "unutması" nazir Ceyhun Bayramovun diqqətindən yayınmadı və Bayramov mətbuat konfransında ermənilərin faşizmi dövlət siyasətinə çevirdiyi, Njde, Monte Melkonyan kimi terrorçuların qəhrəmanlaşdırılması ilə bağlı ətraflı izahatı ilə bunu auditroriyaya, əslində Moskvadan gəlmiş həmkarına xatırlatdı. Bu, açıq-aşkar mövqe nümayişi idi.

Dördüncü epizod: Parad nə oldu?

Təxminən bir ay əvvəldən hər iki ölkədə başlamış parad isteriyasına son qoyuldu. Az qala "milli qürur məsələsi" kimi təqdim olunan parad şousu baş tutmadı. Xankəndində yerləşən rus sülhməramlı kontingenti sıra düzülüşü etdi. Üstəlik 9 maya iki gün qalmış Qarabağdakı rus sülhməramlılarının komandanı Muradov faşist Njdenin Xocavənd rayonunda quraşdırılmış abidəsinin sökülməsi istiqamətində ermənilərə sərt təpki göstərdi.

Üstəlik Xankəndindəki sülhməramlı sıra düzülüşü zamanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıldı, müharibə zamanı həlak olan xalqların nümayəndələri yad edildi və ən əsası separatçı liderlərin tədbirdə iştirak edib onu siyasiləşdirərək, Azərbaycan əleyhinə çevirməsinə imkan verilmədi. Şübhəsiz burada Lavov İrəvanda ikən Rusiya veteranlarının da etirazı rol oynadı. Veteranlara hörmət edilir və mövqeləri də tam haqlıdır, lakin Azərbaycanın hərbi qələbəsi ilə uzlaşan hücum diplomatiyasının paralel əks olunması də yəqin təsadüfi deyildi.

Nəticə etibarı ilə bütün parametrlərdə Lavrovun Cənubi Qafqaz səfəri müharibədən sonra yaranmış siyasi vəziyyətin, Azərbaycanın bölgənin yeganə müstəqil, özünə hörmət və bərabər hüquqluluq tələb edən və buna nail olan ölkə statusunun güzgüsü oldu. Bu statusun qorunub möhkəmləndirilməsi isə hələ irəlidə regional maraqlarımızın qorunmasında bizə çox lazım olacaq.

Kənan Rövşənoğlu,

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı