“Sabah”ın “Neftçi” ilə oyunu artıq bir neçə ildir əsl derbi ab-havasında keçir.
Düzdür, “Neftçi”nin sadiq azarkeşləri komandalar arasında yaş fərqini, “ağ-qaralar”ın ölkənin ən köklü klubu olmasını, “Sabah”ın isə bir neçə ildir yaranmasını əsas götürərək, bu oyunu derbi adlandırmaqdan imtina etsələr də, reallıq fərqlidir.
Elə təkcə bir detalı qeyd etmək kifayətdir – “Neftçi” “Sabah”a 11 oyundur ki (dünənki matçdan sonra artıq 12) qalib gələ bilmirdi.
Bu amil özü komandalar arasındakı matçların gərginliyi barədə fikir bildirməyə kifayət edir. Son illərdə bu komandalar arasında avrokuboklar uğrunda mübarizə də gərginliyi ilə diqqət çəkir.
Dünənki oyuna gəldikdə isə, “Sabah” inamlı qələbə ilə bir daha çempionatın ən iddialı komandalarından biri olduğunu sübut etdi. Oyun barədə uzun-uzadı bəhs etməyə ehtiyac yoxdur.
Yəqin ki, hətta ən qatı “Neftçi” azarkeşi də bu matçda “Sabah”ın qələbəyə layiq olduğunu etiraf edər. Elə təkcə oyun ərzində qapıya zərbələrdə “bayquşlar”ın aşkar üstünlüyünü (19-3) qeyd etmək kifayətdir.
“Sabah”ın litvalı çalışdırıcısı Valdas Dambrauskas hər keçən həftə öz oyununu komandaya bir qədər də diqtə etməyi bacarır.
“Qara-çəhrayı” komanda meydanda artıq daha çox öyrəşdiyimiz, hər birimizin meydanda görmək istədiyi “Sabah”a bənzəməyə başlayıb. İnsafən, bunda təxminən 2 illik fasilədən sonra “Sabah”a geri dönən Aleksey İsayevin inamlı oyununu da qeyd etməliyik.
İsayev bu gedişlə tezliklə milli komandadakı yerini də qaytara bilər. 30 yaşlı futbolçu meydanın mərkəzində Umarali Raxmonaliyev və İvan Lepinitsa ilə çox yaxşı anlaşır.
Onun meydanın mərkəzində yer alması ilə Velko Simiç cinaha çəkilir ki, həm mərkəzdə, həm də bu mövqedə effektli olan serbin faydalı iş əmsalı bir qədər də yüksəlir.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Simiç və Alekseydən söz düşmüşkən, bu il “Sabah”ın seleksiya komandasına böyük bir “əhsən” düşür.
Çoxu Alekseyin komandaya geri qaytarılmasına, Timoteuş Puxaç, Aaron Maluda və Velko Simiç kimi futbolçuların icarəyə götürülməsinə ağız büzsə də, indi hər kəs bu keçidlərin komandada necə böyük fərq yaratdığının fərqindədir.
“Sabah”ın seleksiya xidməti İsayevin istedadına yaxşı bələd idi, ona görə onun yenidən komandaya cəlb edilməsi “Amerikanın kəşfi” deyildi. Amma ortada bir risk var idi.
“Qarabağ”a keçidindən sonra əsas heyətdən kənarda qalan, əvvəlki performansını sərgiləyə bilməyən Alekseyin “Sabah”a qayıtdıqdan sonra bunu bərpa edib-edə bilməyəcəyi müəmma idi.
Belə anda klub rəhbərliyi İsayevin keçidinə “yaşıl işıq” yandırdı ki, hadisələrin indiki gedişatı bu “işığ”ın “Sabah”ı daha yaxşı yerlərə apardığından xəbər verir.
“Sabah” pillə-pillə yuxarı qalxır. Lakin bu pillələri qalxdıqca komandanın üzərindəki yük də ağırlaşır, lakin inam artır. Hazırda “Sabah”da bu inam açıq-aşkar özünü büruzə verir. Sabah necə olacaq, birlikdə görəcəyik.
İndiki məqamda isə “Sabah”ın artıq əvvəlki, azarkeşlərin görmək istədiyi “Sabah” olmaq yolunda inamlı addımladığını demək olar.
OSMAN

