COP29

“Çox az vaxt qalıb, məsuliyyətli və gərgin qrafiklə işləyəcəyik”

27 Yanvar 2023 02:10 Paris-2024 8 141
“Çox az vaxt qalıb, məsuliyyətli və gərgin qrafiklə işləyəcəyik”

“2023-cü il bizim üçün çox məsuliyyətli il olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezident Niyaməddin Paşayev deyib.

Qurumun mətbuat xidmətinə müsahibə verən 43 yaşlı mütəxəssisin sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır.

Ötən il taekvondoçuların 101 medal əldə etdiklərini xatırladan dünya çempionu 2023-cü ildən gözləntilərinin yüksək olduğunu söyləyib:

“Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekuna əsasən yığmaların heyəti müəyyənləşdi.

Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik. Qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir.

Kişi və qadınlardan ibarət yığmalar yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün, demək olar ki, istirahətsiz hazırlıqlarını səylə davam etdirirlər.

Beynəlxalq yarışlarda mübarizəyə fevraldan başlayacağıq. Kişilərdən ibarət milli qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin, İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək.

Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər.

Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir.

Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.

N. Paşayevin əlavə edib ki, bu il qadın taekvondoçulardan yeni uğurlar gözləyirlər. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir:

“İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi altında daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımi şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.

Vitse-prezident kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesi getdiyini vurğulayıb.

Qeyd olunub ki, hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunublar və yığma tam komplektləşənə qədər bu proses davam edəcək:

“Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir”.

Niyaməddin Paşayev böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə millilərə də xüsusi diqqət yetirildiyini deyib.

O bildirib ki, uğura gedən yol məhz yeniyetmə idmanından başlayır:

“Təbii ki, aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olmasından ötrü federasiyadan asılı olan hər şeyi edirik.

İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.

ATF rəsmisi paratekvondoçuların da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib.

O vurğulayıb ki, idmançılar əla formadadırlar və iştirak edəcəkləri yarışlarda sözlərini deyəcəklər.

Vitse-prezident bu ili gərgin və məsuliyyətli edəcək səbəblərdən biri də Bakıda keçiriləcək dünya çempionatı olduğunu söyləyib:

“Mundiala çox az vaxt qalıb. Bu yarış bizim üçün xüsusi önəm kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik.

Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik”.

Xəbər Lenti