Bu adamı “Neftçi”də saxlayan kimdir?

23 Avqust 2023 20:40 Neftçi 5 732
Bu adamı “Neftçi”də saxlayan kimdir?

“Neftçi” heyətini genişləndirməklə diqqət çəkməkdədir.

Adrian Mutunun gəlişindən sonra əcnəbilərin sayı hər ötən həftə artır. Gələnlərlə yanaşı gedənlərin də olacağı gözlənilsə də, hələ ki, bu mənada səssizlik hökm sürür.

Azər Salahlı isə “Neftçi” üçün ayrı bir dərddir.

Azarkeşlərin sevgisini qazana bilməyən futbolçu ağ-qara formadakı çıxışını davam etdirir. Sol cinah müdafiəçisi heç cür əsas heyət üzvünə çevrilə bilmir.

Əvəzedici status ilə barışıb və bundan kifayət qədər məmnun görünür.

Salahlının cari mövsümdəki göstəricilərinə nəzər salanda, ortaya çox ciddi sual çıxır.

Mutu “Jelezniçar”la ilk oyunda Azər Əliyevi “11-liy”ə layiq görmüşdü. Cavab qarşılaşmasında da üstünlüyü Əliyevə versə də, Azərin 19-cu dəqiqədə zədələnməsi Salahlının yolunu açmışdı.

Premyer Liqanın “Kəpəz”lə ilk oyununda Azər Salahlı startda yer almış, sarı vərəqə almış və sona qədər mübarizə aparmışdı.

“Beşiktaş”la qarşılaşmada baş məşqçi müdafiənin sol cinahını “19 nömrə”yə tapşırmışdı. Azər ilk hissədə ümidləri doğrultmayınca, rumın çalışdırıcı fasilədə onu Aoron Olanare ilə əvəzləmişdi.

“Səbail”, “Beşiktaş” və “Sabah”la növbəti matçların hamısında Azər ehtiyatda qalıb, yalnız İstanbuldakı görüşdə meydana 79-cu dəqiqədə daxil olmuşdu. Baş məşqçi bu 3 oyunun hamısında Kenni Sayefə güvənib.

Statistik göstəricilərdən də göründüyü kimi, Adrian Mutu Azərbaycan millisinə də cəlb olunan Salahlını üçüncü dərəcəli futbolçu gözündə görür.

Azər onun üçün sol cinahda nömrə birdir. Əliyev olmayanda sağ cinah yarımmüdafiəçisi kimi tanınan Kennini məcburiyyətdən müdafiənin “solu”na çəkir. Sayef yorulanda isə ən son variant kimi Salahlıya şans verir.

Hər kəsi maraqlandıran sual: Azər Salahlını “Neftçi”də kim, yaxud nə saxlayır? 30 yaşlı futbolçu yerli status ilə yer zəbt etdiyi halda, onun əvəzinə gənclərdən birinə güvənmək məntiqli olmazmı?

Yoxsa, bundan sonra daha 3-5 il Azər Salahlı ad-soyadını oxuyub-yazacağıq?

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar