Sensasiya baş vermədi, «Beşiktaş» Konfrans Liqasında yoluna davam edəcək.
«Neftçi» də davam edəcək - Premyer Liqada.
Bakıdakı matçın ikinci yarısında nə oldusa, İstanbuldakı qarşılaşmasının ilk hissəsində də o oldu.
Şenol Güneşin aparıcı simalara əlavə istirahət haqqı tanıması «Neftçi»nin iştahını artırdı, Emin Mahmudovla hesabı açdı.
Güneş bundan artıq riskə getmədi, fasilədən sonra komandasının liderlərinə forma geyindirmədi. Vinsent Abubakarın cavab qolu intriqanın odunu faktiki olaraq söndürdü.
Yenidən fərqlənəcəyinə gümanı qalmayan «Neftçi» daha bir dəfə topu öz qapısının torunu silkələyən gördü.
Endi Koffi… Zəhmət olmasa, bu adı bir yerə yazın.
Adrian Mutu qışda, uzağı, gələn ilin yayında Fil Dişi Sahilindən olan bu legionerlə yolların ayrılmasını tələb eləməsə, deməli, mən futboldan çox şey bilmirəm.
Afrikalı müdafiəçi istər Bakıda, istərsə də İstanbulda ən zəif bənd kimi gözümüzün önündən çəkilmədi.
Rumıniyalı baş məşqçinin tez-tez mətbuat konfransında təsvir elədiyi komandada ona yer yoxdur, olması da mümkün deyil.
Yuri Matias və Mark Tamaşla müqayisədə Koffi pencəyə yamaq kimi görünür.
Bir aydır Azərbaycanda olan, 2 illik müqaviləyə qol çəkmiş Didye Droqbanın həmyerlisi topa hər toxunuşuyla adamda təəssüf hissi oyadır.
«Bunu kim və niyə bəyənib» sualları da beyini narahat edir.
ELNUR

