Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.
Meydana çıxan komandalar arasında təmsilçimiz "Neftçi" də var.
"Ağ qaralar" Türkiyə nəhəngi "Beşiktaş"ın qonağıdır.
Mutunun komandası 3 gün əvvəldən qardaş ölkəyə gəlibsə, media nümayəndələrini gətirən təyyarə dünən günorta saatlarında İstanbula eniş etdi.
Təbii ki, ilk işimiz ayrılmış xüsusi avtobusla qalacağımız "Sheraton" otelə yollanmaq oldu.
Təxminən 30 dəqiqəlik yerbəryerdən sonra nahar süfrəsinə əyləşdik. Ardınca azacıq dincimizi alıb, vədələşdiyimiz kimi, 17:55-də otelin önündə toplandıq.
Məqsədimiz arenaya yollanıb, Mutunun mətbuat konfransını işıqlandırmaq idi. Bu arada yerinə düşər deyək ki, meydan sahiblərinin rəsmiləri qonaqlara qarşı diqqət göstərməməsi ilə yadda qaldı. Yerli mediadan çox az sayda konfransa qatılan həmkarımız vardı. Hətta qonaqları qarşılayacaq, yol göstərəcək bir nümayəndə belə ayrılmamışdı.
Əbəs deyil ki, Mutuya yalnız azərbaycanlı jurnalistlər sual verdi və onun fikirləri yalnız Azərbaycan dilinə tərcümə olundu. Sonuncu cümlə sizi çaşdırmasın. Qəribə olan yazdığım yox, konfransın sonunda türkiyəli həmkarlarımızın belə istəyi oldu. Qayıdaq konfransa...
İlk oyundakı nəticədən sonra növbəti mərhələni möcüzənin gətirə biləcəyi gün kimi aydın olsa da, rumıniyalı asan təslim olana oxşamırdı.
"İtirəcəyimiz heç nə yoxdur" - deyən əcnəbi mütəxəssis, məşqdə də bütünü vasitələrlə futbolçuların psixoloji durumun düzəltməyə çalışırdı. Gah kiminləsə fərdi söhbətləşirdi, gah da futbolçulara qoşularaq məşqdə aktiv iştirak edirdi.
Ağır səfərə klubun baş icraçı direktoru Fərrux Mahmudov, idman direktoru Zaur Əzizov, menecer Kamil Məmmədov komanda ilə birgə yollanmasını bildirək. Bundan başqa Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev də səfərə yollananlar arasında yer alıb.
Mətbuat üçün açıq məşqin vaxtı bitincə arenanı tərk edirik. Şam yeməyindən sonra İstanbul gecələrinin sehrinə çıxmağın zamanı çatır.
Təbii ki, gəzməklə bərabər, şəhərdə oyun öncəsi ab-havanı da gözdən keçirməyi unutmuruq. Təəssüf ki, matçla bağlı gözlədiyimiz ajotaj qarşımıza çıxmır. Ümumiyyətlə, heç nə ilə qarşılaşmırıq. Futbol adına şəhərdə bir sükut var. Sanki sabah bu şəhərin 3 hegemon klubundan biri meydana çıxmayacaq.
Səhəri gözləmək ümidi ilə otelə yollanırıq. Bəlkə, biz tələsmişik?
Amma axşamkı mənzərə bu gün də davam edir.
Nəinki şəhərdə, heç "Beşiktaş arena" və onun həndəvərində belə "Beşiktaş" - "Neftçi" görüşünü xatırladacaq bir afişa, bir çağırış, bir işartı rastımıza çıxmır.
Adətən oyun günləri fanatlar səhərdən şəhərin küçələrində klubun atributları ilə dolaşmağa başlayır. Bu halla da rastlaşmırıq. Barmaq sayı qədər "Beşiktaş" formasında kimisə görmək olar, ya olmaz.
Belə süstlüyün fonunda köşkə yaxınlaşıram. Görəsən, qəzetlərdə mənzərə necədir?
"Fanatik" və "Fotomatç" nəşrlərini əlimə alıb, səhifələrinə göz gəzdirirəm. "Norviç Siti"dən Milot Raşitsanın transferi manşetləri bəzəyir. "Neftçi" ilə oyunla bağlı isə son səhifədə 300-400 işarəlik məqalədən başqa heç nə yoxdur. Bir sözlə, burada da oxşar durum qarşıma çıxır.
20 milyona yaxın əhalisi olan, müxtəlif ölkələrdən axın edən çox sayda turistin olduğu səs-küylü İstanbulda "Neftçi" ilə bağlı ölü sükut var.
Görünür, səfərdə qazanılan uğurlu nəticə (3:1-lik qələbə) "qara qartal"ların cəbhəsində əməlli-başlı arxayınçılığa səbəb olub.
Futbol belə şeyləri sevmir. Ümid edək ki, "Neftçi" futbolçuları da sevməz və axşam ən azından göstərəcəkləri futbolla yerli publikanı mat qoya biləcəklər.
XANOĞLAN İMANOV / İSTANBUL

