“Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu idarə edəcək hakimlər açıqlanıb.
"Beşiktaş"la İstanbuldakı matçın baş hakimi Avstriyadan Yulian Veynberger olacaq.
Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
38 yaşlı ədalət təmsilçisi Avstriya Bundesliqasının oyunlarına 2015-ci ildən təyinat alsa da, FİFA hakimi statusuna 2018-ci ildə yiyələnib.
Veynbergerin hakimlik yolu bizimkilərlə iki dəfə kəsişib.
2019-cu ildə “Neftçi”nin matçını idarə etmək üçün Bakıya səfər edib. “Ağ-qaralar” iyulda Avropa Liqasının birinci təsnifat mərhələsində “Sperantsa”nı qəbul edəndə məhz bu adam meydanda əsas söz sahibliyi edib.
Yulian “Neftçi Arena”da təmsilçisimizin 6:0-lıq qələbəsinə şahidlik edib.
Avstriyalı referi 2021-ci ildə yenə Azərbaycan klubunun oyununda, bu dəfə “Aberdin” – “Qarabağ” qarşılaşmasına təyinat alıb.
Əsas yox, dördüncü hakim kimi. Qurban Qurbanovun yetirmələri Şotlandiyada 3:1 hesablı qalibiyyətə sevinib.
Veynberg “Beşiktaş”ı yaxından tanıyan hakimdir.
O, Türkiyə komandasının 2019-cu ildə “Vulverhempton”la Avropa Liqasının matçında iş başında olub. Dördüncü hakim funksiyasını daşıyan avstriyalı referi İstanbulda türklərin 0:1 hesablı yenilgisinə şahidlik edib.
Bu hakimlə “Beşiktaş”ın yolu növbəti dəfə ötən ay kəsişib. Avstriyada keçirilən yoldaşlıq görüşündə “qara qartal” “Strasburq”la üz-üzə gəlib.
Şenol Günəşin yetirmələri avstriyalı ədalət təmsilçisinin fit çaldığı görüşdə yenə qələbəyə sevinib – 2:1.
Yulianın polis işçisi olması futboldakı fəaliyyətinə də təsir göstərməkdədir. O, sərt hakim kimi tanınır.
Təsəvvür edin, haqqında bəhs etdiyimiz şəxs ötən ilin avqustundan bu yana, yəni, son 1 ildə bütün yarışlarda təyinat aldığı 20 oyunda futbolçulara 9 qırmızı, 91 sarı vərəqə göstərib.
Qısası, Yulian Veynberger bu oyun üçün kifayət qədər maraqlı personadır. Onun təyinat aldığı matçlarda “Neftçi”ylə “Beşiktaş” qələbə qazanıb. Görək bu dəfə necə olacaq.
Avqustun 17-də keçiriləcək “Beşiktaş” – “Neftçi” görüşü saat 21:00-da başlayacaq.
İlk qarşılaşmada Türkiyə təmsilçisi Bakıda 3:1 hesabı ilə qalib gəlib.
HƏBİB / SPORTİNFO.AZ

