"Neftçi" avrokuboklarla vidalaşmağın astanasındadır.
Evdə "Beşiktaş"a 1:3 uduzan "ağ qaralar"ın səfərdə möcüzə edəcəyi inandırıcı deyil.
Tərəfdarları isə Konfrans Liqasından kənarda qalmaq o qədər də üzmür. Həm rəqibin çəkisinə görə, həm də yenilənən "Neftçi"yə görə.
Amma Azərbaycan Premyer Liqasının startı bütün "Neftçi" fanatlarını dərindən narahat edir.
Komanda birinci tur səfərdə autsayderlərdən hesab olunan "Kəpəz"ə uduzdusa (0:1), ikinci turda da ötən tur evində "Sumqayıt"a darmadağın olan (1:4) "Səbail"lə doğma divarlar arasında bacarmadı - 1:1.
Belə başlanğıcın ən yumşaq formada adı fiaskodur.
Hələ qarşıda komandanı "Sabah", "Qarabağ", "Zirə" kimi güclü rəqiblərlə oyunlar gözləyir.
Tərəfdarları düşündürən sual isə başqadır - belə starta görə günahkar kimdir?
Təbii ki, qələbədə Mutu alqışlanırsa, məğlubiyyətdə də rumıniyalının yaxasından yapışmaq lazımdır.
Lakin indi yox!
Çünki ötənlərin məşhur futbolçusu məsuliyyəti asanlıqla boynunadan ata bilər. Ki, atır da.
Məsələn, son mətbuat konfransənda dediklərinə diqqət edək:
"Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin perioddur. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq. Görünür ki, komanda yaxşı toplanış keçməyib. Biz də reallığa düz baxmalıyıq".
Bəli, "Səbail" və "Kəpəz"lə oyunları 1 xalla başa vurmağın bəraəti olmamalıdır. Deyiləcək bütün sözlər bəhanə statusunda olacaq.
Bəs ağılla analiz edəndə necə? Mutu nəyisə səhv deyirmi? Əsla! Dedikləri bircə-birccə həqiqətdir
Komandanın başına gec gətirilib? Gətirilib! Məşq etməyə vaxtı az olub? Olub! Transferlər gecikir? Gecikir!
Belə olan halda onu necə sorğu-suala çəkmək olar?
Sadalanan problemlər bəhanə olsa belə, günah Mutuda yox, ona bu bəhanəni verənlərdədir.
Ona görə də əcnəbi mütəxəssisi hələ bir müddət də gözləməkdən başqa çarə yoxdur.
Çempionluq şansı azalsa da, xallar sel kimi əldən getsə də, komanda da qələbə ruhu ölsə də və.s, və.i.
XANOĞLAN İMANOV

