“Meydanda ən yaxşı tərəflərimizi göstərməyə çalışacağıq.
Azarkeşləri stadiona gəlib, “Neftçi”ni sona qədər dəstəkləməyə dəvət edirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” – “Beşiktaş” oyunundan əvvəl bakılıların futbolçusu Mark Tamaş deyib.
Bu gün “Neftçi Arena”da baş tutacaq qarşılaşmada təmsilçimizin ən böyük üstünlüyü doğma meydan və azarkeş amilidir.
Macarıstanlı müdafiəçi bu üstünlükdən yararlanmaq üçün azarkeşlərə səslənib:
“Bu cür güclü rəqiblərlə qarşılaşanda azarkeş dəstəyinə daha çox ehtiyac olur.
Əminəm ki, stadion tam dolacaq və ilk dəqiqələrdən sona qədər fanatlarımızın dəstəyini hiss edəcəyik. Onlar “Neftçi”nin “12-ci oyunçusu” funksiyasını daşıyacaq”.
“Neftçi Arena”nın dolacağına şübhə yoxdur. Satışa çıxarılan biletlər 9 dəqiqəyə tükəndisə, məsələ aydınır.
Sual doğuran məqam “Neftçi”nin azarkeşlərini necə və nə ilə sevindirəcəyidir.
Tamaş bu mövzuda inamlı və qətiyyətlidir:
“Başa düşürəm, “Beşiktaş” cütün favoritidir. Amma futbolda hər cür sürprizlər olur.
“Kəpəz”lə oyunumuzda hansı nəticənin qeydə alındığını gördünüz. Bunun üçün də əllərimizi yanımıza salmaq niyyətində deyilik.
Doğma meydanda oynayırıq və bu üstünlükdən faydalanmaq lazımdır. Oyuna qələbə üçün çıxacağıq. Bütün fikrimizi qələbəyə yönəltmişik”.
Konfrans Liqasının üçüncü mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Neftçi” – “Beşiktaş” matçı bu axşam saat 21:00-da start götürəcək.
HƏBİB

