“Neftçi”dən “Beşiktaş” üçün sürpriz “11-lik” – 3 dəyişiklik

10 Avqust 2023 14:00 Neftçi 35 126
“Neftçi”dən “Beşiktaş” üçün sürpriz “11-lik” – 3 dəyişiklik

“Neftçi” “Beşiktaş”la görüşə alışmadığımız heyətlə çıxacaq.

Eddi İsrafilovla Ömər Buludovun zədələnməsi Adrian Mutunu “11-lik”dəki adları dəyişməyə məcbur edib.

Belə ki, “ağ-qaralar”ın oyunöncəsi son məşqində qapıçı xaric, əsas heyət üzvlərindən ibarət “10-luğ”u ayrıca məşq edir, top saxlamaq, cinahlardan hücumlar qurmaq üzərində işləyirdi.

Beləliklə, “çərçivə”ni İvan Brkiçin qoruyacağı sirr deyil.

Müdafiənin “solu”nda Azər Salahlı yer alacaq. Mərkəz müdafiəçiləri görməyə alışdıqlarımızdır – Mark Tamaşla Yuri Matias. Ömər Buludovun yoxluğunda sağ cinahda İsmayıl Zülfüqarlı oynayacaq.

Ataa Caberlə Fərid Yusifli meydanın mərkəzində dağıdıcılıqla məşğul olacaqlar. Emin Mahmudov isə onlardan bir qədər öndə, başqa cür desək, hücumçunun arxasında çıxış edəcək.

Orta sahənin sol cinahında Kilan Lebon, sağ cinahında isə Kenni Sayef Mutunun tapşırıqlarını yerinə yetirəcək.

Qol ümidimiz bu dəfə Filip Ozobiç yox, yeni transfer Andre Şinyaşiki olacaq.

Bu, Eddi ilə Ömərin yoxluğunda oyunöncəsi məşqdə ehtimal olunan “11-lik”dir. Baş məşqçi son anda fikrindən daşınmasa, “Neftçi” ilk dəqiqələrdən bu futbolçularla mübarizə aparacaq.

Ozobiçin ehtiyatda qalması isə, çox güman, taktiki plandır. Komandanın sonradan gücləndirilməsinə hesablanıb.

Konfrans Liqasının üçüncü mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Neftçi” – “Beşiktaş” qarşılaşması bu axşam saat 21:00-da “Neftçi Arena”da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!