Emin Mahmudov ikinci hissənin gedişində “Kəpəz”in yerdə qalan futbolçusunun üzərinə hücum çəkib ayağa qalxmasını tələb edəndə ağlımdan sual keçdi:
“Emin eyni münasibəti Sarayevoda futbol meydanını xəstəxanaya döndərən “Jelezniçar”ın futbolçularına niyə göstərmirdi?”
Başa düşdüm ki, Eminin illik maaşı həmin gün top dalınca qaçan “Kəpəz”in 11 futbolçusunun ümumi məvacibindən artıqdır deyə, bu üstünlük ona rahatlıq, lap dəqiq desəm, özündənrazılıq verdi.
Gəncə təmsilçisinin güclü rəqib üzərində qazandığı qələbə insanlarda şok effekti yaratmışdı. Heç kim inana bilmirdi.
Niyə?
“Neftçi”nin başında dayanan dünya çapında tanınan Adrian Mutu idisə, “Kəpəz”i çalışdıran Premyer Liqada baş məşqçi kimi debüt edən Azər Məmmədov idi.
“Neftçi” yay toplanışında “Spartak”, “Fənərbağça” və digər komandalara qarşı yoldaşlıq görüşləri keçirmişdisə, “Kəpəz”in sparrinqləri “Araz Naxçıvan”ın əsas, “Səbail”lə “Kəpəz”in əvəzedici komandaları olmuşdu.
“Neftçi” heyətini gücləndirmək üçün Rumıniya klublarına 100 minlərlə transfer haqqı ödəyib, futbolçulara 300-400 min avro təklif edəndə, “Kəpəz” aylıq maaşı 4 min dollardan yuxarı olmayan əcnəbi axtarışındaydı.
“Neftçi” Rusiyada hazırlıq keçəndə, “Kəpəz”lilər Mərdəkanda oturub, əllərini göyə açmışdı.
“Neftçi” “Jelezniçar”la matçlara oyun təcrübəsini düzənə salmışdısa, “ağ-qaralar”la görüş yenilənmiş “Kəpəz” üçün cari mövsümdə debüt idi.
“Neftçi”nin futbolçuları Bakının ən rahat məşq qazonlarından olan Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçib, “Neftçi Arena”da rahatlıq tapanda, “Kəpəz” soyunub-geyinmə, yuyunma otaqları vaqonlarda quraşdırılan və suyu kəsilən, tribunaları adamın başına uçan stadionun ümidinə qalmışdı.
Yəni, bütün bunları göz önünə gətirəndə, oyundan əvvəl “Kəpəz”in “Neftçi”dən 1 xal qoparması belə sürpriz hesab olunurdu.
Gəncəlilər başından yuxarı tullanmaqla bunu bacardı. Sübut olundu ki, istək olan yerdə arzuları həyata keçirmək mümkünsüz deyil. Kasıb ola bilərsən. Ağlın və bacarığın varsa, işıqlı gün uzaqda deyil.
Bakılıların yeni transferi Andre Şinyaşiki bəndənizlə söhbətdə məğlubiyyətə zərrə qədər də bəhanə gətirmədən yenilginin konkret səbəbini göstərdi:
“Rəqib sıx müdafiə olunmaqla hədəfə çatmaq istəyirdi. Onlar bunu bacardılar. Ağılla müdafiə olundular”.
Bəli, Azər Məmmədovun məşqçilər heyəti Adrian Mutunun həmyerlilərindən ibarət korpusuna taktika-texnika dərsi keçdi. Oyunu “Neftçi”nin futbolçuları yox, məhz baş məşqçi uduzdu.
İsti havada, sıx qrafikdə oynayan komandanın aparıcı üzvlərini ilk dəqiqədən meydana buraxmaqla. Oyuna müdaxilə edə bilməməklə. “Kəpəz”in sıx müdafiəsini yarmaq üçün alternativ planı işə sala bilməməklə.
“Neftçi” matçdan əvvəl uduzmuşdu. Bilirsiniz, harada və nə vaxt?
Emin Mahmudov “Jelezniçar”la görüşdən sonra Gəncəyə getmək istəməyib, “Kəpəz”i Bakıda qəbul etmək haqda düşünüb, PFL-dən rədd cavabı aldıqlarını jurnalistlərə açıqlayanda.
“Kəpəz” mövsümə əla start verməklə çempionatın gərgin və maraqlı keçəcəyini göstərdi. “Neftçi”ylə qarşılaşmada ehtiyat oyunçular skamyası əsasən 19-20 yaşlı gənclərdən ibarət olan komanda “Beşiktaş”ı Bakıya gətirən komandanı məğlub etməyi bacardısa, gör, gəncəlilər 2-3 transfer etsə, nələrə şahidlik edəcəyik.
Hər iki komandanın timsalında Premyer Liqanın bütün iştirakçılarına uğur olsun!
Maraqlı idman mübarizəsində keçən çempionat izləmək ümidi ilə...
HƏBİB / SPORTİNFO.AZ

