"Beşiktaş"ın cəzalı futbolçusu Artur Masuaku Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı cavab oyununda iştirak edə biləcək.
Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu konqolu müdafiəçi ilə bağlı qərarını dəyişib.
Albaniyada "Tirana" ilə II raundun cavab matçında qırmızı vərəqə gördüyü üçün 2 oyunluq diskvalifikasiya olunan 30 yaşlı futbolçunun cəzası azaldılıb. O, yalnız Bakıdakı ilk qarşılaşmanı buraxacaq.
Bundan başqa, UEFA "Tirana" ilə matçda "Beşiktaş" azarkeşlərinin davranışlarına görə klubu şərti olaraq 40 min avro cərimələyib.
Analoji hadisə təkrarlanarsa, Türkiyə klubu səfər oyunlarının birində azarkeş dəstəyindən məhrum ediləcək.
"Neftçi" və "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bundan bir həftə sonra İstanbulda baş tutacaq.

