Adrian Mutu «Neftçi»yə böyük ümidlərlə gətirilib. Ondan gözləntilərin nə qədər böyük olmasını bəlkə heç özü jə tam mənasıyla hələ dərk eləmir.
Hara gəldiyini bilə bilər. Yəqin ona başa salarlar. Ki, «Neftçi» Azərbaycanın ən yaşlı klubudur, yüzminlərlə tərəfdarı var. Bu, çox vacib və həssas nöqtədir. «Neftçi»yə giriş min, çıxış birdir – istənilən baş məşqçi burada uğur qazanmağa məhkumdur, borcludur.
«Neftçi» azarkeşi qələbələrdən doyan deyil, tələbkardır. Arzuladığı nəticəni ona verməlisən, qazanmalısan, bir dəqiqə dayanmamalısan. Ayağın boş getdisə, əlini yanına saldınsa, çox keçməz, tribunanı titrədəcəklər, istefaya səsləyəcəklər və sən də məcbur qalıb əşyalarını çemodanına yıcacaqsan.
Mutu hələ «duza gedir». Bir ucdan transferlər edir. Dörd legioner aldırıb və deyəsən, daha dörd-beş nəfər də yoldadır. Bu, yeni komandanın formalaşdırılması deməkdir. Proses təzə başlayıb və hələ bir müddət davam edəcək. Deməli, vaxt gedəcək. Vaxtın getməsi isə ümumi işə ziyandır. Komanda nə zaman tam yığılacaq, yeni gələnlər nə zaman adaptasiya prosesi keçəcək, nə zaman baş məşqçinin fəlsəfəsinə öyrəşəcək - bunlar da ayrı bir dərdir.
Qorxuram ki, ötənilki ssenari təkrarlana. «Neftçi» Lorentsiu Regekampfın ilk həftələrindəki dönəmə qayıtmasa yaxşıdır. Onda da avrokuboklara qələbə ilə başlamışdılar, bir mərhələ keçmişdilər. Səmərəli transfer siyasəti aparılmadığından, klubun standartlarına cavab verməyən legionerlər alındığından, tənəzzül prosesi tez getdi, gec qurtardı.
Gərək biri Mutuya o dönəmi xatırlatsın, 1 il qabaqkı səhvlər rumıniyalıya deyilməlidir. O da həmin xətaları etməsin deyə.
Baha qiymətə alınan legionerlər «Neftçi»nin güclənəcəyi, əvvəlki əzəmətini qaytaracağı anlamına gəlməsin. Bu barədə rəy verməyə təəsmək təndirə düşmək olar Premyer Liqada mövsümə «Kəpəz» məğlubiyyəti ilə start verən komandanın yenilənmiş gücünün nəyə çatacağını yalnız 1-1,5 aydan sonra proqnozlaşdırmaq olar. Hazırda problemlər kifayət qədər çoxdur və onların həlli üçün təcrübə də gərəkdir. Təəssüf ki, bu, Mutuda yoxdur, cəmi bir neçə il öncə məşqçi həyatına atılıb.
MUSA

