“Neftçi” – “Jelezniçar” görüşündə Kenni Sayefin vurduğu ilk qol komandasına həyat verdi.
İsrailli müdafiəçi ikinci hissənin gedişində dəqiqlik göstərə bilsəydi, növbəti dəfə adını tabloya yazdıracaqdı.
Qapıçı ilə üzbəüz qaldığı epizodda topu tora qovuşdura bilmədi.
Həmin gün Sayefə sanki nəsə olmuşdu. Meydanda olduqca kefsiz təsir bağışlayır və tez-tez Adrian Mutunun nəvazişinə ehtiyac duyurdu. Rumın çalışdırıcı 2-3 epizodda “5 nömrə”ni yanına çağırıb onu bağrına basdı, saçlarına sığal çəkdi.
Oyun başa çatandan sonra da əhvalı yerində deyildi. Müsahibə vermək üçün jurnalistlərə yaxınlaşanda, sanki qalib yox, məğlub komandanın üzvü idi. Üzgün və ruhsuz...
Məlum məqam diqqətimi çəkdiyindən, Kennidən nə baş verdiyini soruşdum. Meydandakı və oyundan sanrakı halını xatırladım, problemi ilə maraqlandım.
Səbəbi gizli saxlayıb, qısa cavab verdi: “No comment” (Şərhsiz).
Və bu ifadəni iki dəfə təkrarladı.
Məntiqlə, hər şey qaydasında olaydı, “heç bir problem yoxdur” deyərdi. Və ya başqa cavabla inkar edərdi. Amma üzgün və pərt halda “no comment” dedisə, demək ki, bilmədiyimiz nəsə var.
Sadəcə, mətbuata və ictimaiyyətə açıqlamaq istəmir.
Bu, ailə söz-söhbəti ola bilər, yaxın adamının səhhətindəki problem və ya “Neftçi”dəki gələcəyi ilə bağlı eşitdiyi hansısa mesaj.
Yəqin ki, gec-tez bilinər.
HƏBİB / SPORTİNFO.AZ

