“Neftçi” SENSASİYA etmək istəyirsə… Tanınmış yazar “Beşiktaş”ın sirlərini açdı

6 Avqust 2023 23:00 Neftçi 1 675
“Neftçi” SENSASİYA etmək istəyirsə… Tanınmış yazar “Beşiktaş”ın sirlərini açdı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparan təmsilçilərimizdən "Neftçi" ilk matçda evdə "Beşiktaş" qarşılaşacaq (10 avqust).

Adrian Mutunun çalışdırdığı komandanı “qardaş derbisi”ində nələr gözləyir?

Bu suala cavab tapmaq üçün ölkəmizdə Türkiyə futbolununun mahir bilicisi sayılan, "Azərbaycan" qəzetinin yazarı, "Sportinfo TV" və “CBC Sport” kanalının tanınmış aparıcı-eksperti Elçin Cəfərova müraciət etdik.

Tanınmış jurnalist saytımıza açıqlamalarında "Neftçi"-"Beşiktaş" oyunu haqda maraqlı fikirlər səsləndirib.

Türkiyədə də tanınan və maraqlı təhlillərlə diqqət çəkən dəyərli həmkarımız İstanbul təmsilçisinin zəif və güclü nöqtələrini açıqlayıb:

"Reallığı qəbul etmək lazımdır. "Beşiktaş" kağız üzərində favoritdir. Yarımmüdafiə xəttinin əsas fiqurlarından Qedson Fernandes-Amir Hadcıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda, rəqibdən top almalarda ən önəmli qüvvədirlər.

Əsas şərt Fernadeslə bu futbolçuların bağlantısını kəsməkdir. Bunun üçün də çox yaxın oynayaraq, elə bir basqı qurmalısan ki, ikili mübarizələrdə bu bağlantını qopara biləsən.

"Beşiktaş"ın hücumlarının qurulması, təşkili həmişə Fernandesdən başlayır. Onun sürəti və drinblinqləri hesabına komanda hücumda çoxalmağı bacarır.

Bu baxımdan, "Neftçi" onu zərərləşdirə bilsə, qonaqlar topa sahib olmada və hücumda çoxalmada ciddi problemlərlə üzləşəcək. Eddi İsrafilovun, Emin Mahmudovun və Ataa Caberin üzərinə böyük iş düşəcək.

Fernandes çox sürətlidir, onu saxlamaq üçün də Eddi ilə Ataa gərək indiyəcən göstərdikləri performansdan daha artığını nümayiş etdirsinlər.

Bəli, necə deyərlər, gərək başlarından yuxarı tullansınlar. Fernandesi zərərləsizləşdirmək o qədər də asan məsələ deyil və futbolçularımız qırmızı vərəqə almadan bunu bacarsa, çox sevinərəm".

Elçin Cəfərov “Beşiktaş”ın hücum xəttində yer alan oyunçular barədə də önəmli açıqlamalar verib. Tanınmış şərhçi "Neftçi"nin tekniki heyətinin də bu nüanslara diqqət yetirməsinin vacibliyini vurğulayıb:

"Beşiktaş"ın heyətində ən önəmli simalardan biri Vinsent Abubakardır. Burada da "Neftçi"də Matiasla Tamasın işi asan olmayacaq.

Xüsusən, cinah müdafiəçiləri ilə stopperlər mövqe seçimində diqqətli olmalı, bir-birilərini sığortalamaqda çox diqqətli olmalıdırlar.

Matias və Tamas qırmızı vərəqə almamaq üçün ikili mübarizələrdə ayıq olmalıdır. Matias topa müdaxilədə zamanlama səhvi etməməlidir".

Tanımış aparıcı-ekspert "Neftçi"nin hücumları təşkil edərkən nələrə diqqət yetirməli olmasını, rəqibin hansı cinahda boşluqlar verə biləcəyini də açıqlayıb:

"Hücumları "Beşiktaş"ın sol cinahından təşkil etməyimiz daha yaxşı olardı. Çünki Artur Masuaku qırmızı vərəqə aldığına görə bu mövqedə Umut Meraş çıxış edəcək və bu, həmin bölgədə ciddi problem yaşanacaq.

"Sabah"la matçı da xatırlasaq, Meraş hücuma qoşularkən geri dönməkdə çətinlik çəkir və Aleksey Kaşuk iki dəfə bu fürsətdən istifadə etdi.

Sol mərkəz müdafiəçisi Omar Koli də təzə gəlib və Meraşla anlaşmada, mövqe sığortalamasında ciddi problemləri var. "Neftçi" həmin cinaha uzun ötürmələrlə qol epizodları yarada bilər.

Bir də qazanılan topları tez bir zamanda zonalara yaymaq lazımdır. Topu özümüzdə çox saxlayacağımız təqdirdə, Hacıahmetoviç, Uçan və ya sağ cinahda Onur Bulut və Valentin Rosyer çox sürətlidir.

O cinahdan hücum qurmaq çətin olacaq. Qısası, üstünlük əldə etmək üçün ilk növbədə rəqibin yarımmüdafiə xəttini dayandırmaq lazımdır.

Xüsusən də, Fernadeslə Hacıahmetoviçi. "Neftçi" bu iki nəfər arasında ötürmə bağlantısına imkan verməsə, həm topa daha çox sahib olacaq, həm də, boş zonalar tapacaq.

Topa nəzarət "Beşiktaş"a verilsə, bu, müəyyən problemlər yarada bilər.

Ancaq öz oyunumuzu oynayıb, ələ keçirilən toplarda dərhal əks-hücum qurmaqla, müdafiənin arxasına verilən ötürmələrlə "Beşiktaş"ın sol cinahına ciddi təhlükə yaşada bilərik.

Abubakara qarşı da, dediyim kimi, diqqətli olmalıyıq. O həm toplu, həm topsuz epizodlarda çox fərqli oynayır.

Sonda bir daha deyim ki, Abubakar və Fernandesi saxlamaq çətin olacaq və qırmızı vərəqə almaq ehtimalımız yüksəkdir.

Yenilməyən rəqib yoxdur, yetər ki, onlar qədər meydanda mübarizə aparasan".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti