“Mənə təklif gəlmişdi, amma orada köməkçi işləmək istəmədim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev deyib.
Beş ilə yaxın müddətdə Bayıl təmsilçisini çalışdırmış və “dənizçilər”ı avrokuboklara çıxarmış ilh və hələlik yeganə mütəxəssis kimi tarixə düşmüş Hacıyev “Qarabağ”dan öncə “Neftçi”dən təklif aldığını bildirib.
“Ağ-qaralar” onu yeni baş məşqçi Adrian Mutunun yardımçısı postunda görmək istəyib:
“Mənə belə bir dəvət gəlmişdi. Amma onu qəbul edə bilməzdim.
Niyə? Premyer Liqada 150-yə yaxın oyun keçirmişəm, özümə görə təcrübəm və savadım var.
Məşqçilikdə ilk addımlarımı atmıram ki, gedib kiməsə köməkçi olum. Mənim baxışlarım fərqlidir və düşünürəm ki, sərbəst çalışmaq daha yaxşıdır.
Siz olun mənim yerimdə, Premyer Liqada 150 oyun keçirsəydiz, başqa bir klubda köməkçi işləməyə razılıq verərdiz?
Hər şeyin öz vaxtı var və mən bu mərhələni illər öncə keçmişəm. “Qarabağ”da hazırda akademiyanın baş koordinatoruyam.
Üç illik müqavilə bağlamışam. Burada mən özümü belə daha rahat hiss edirəm.
“Qarabağ” rəhbərliyi belə bir imkanı mənə yaradıb və əlimdən gələni etməyə çalışıram ki, bu etimadı doğruldum”.

