Bu axşam yenilənmiş “Neftçi”nin nəyə qadir olacağını görəcəyik.
Sarayevodakı qarşılaşma komandanın hazırkı gücü haqda müəyyən mesajlar versə də, aradakı bir həftə məntiqlə “Neftçi”ni daha da gücləndirməli, Adrian Mutunu kollektivi yaxından tanımasına xidmət etməlidir.
Əlbəttə, hər birimiz “ağ-qaralar”ın mərhələ adlayacağını arzulayır və buna inanırıq. Amma unutmayaq ki, bakılıların qarşısındakı rəqib çirkin futbolun həvəskarı, nəticə qazanmaq üçün istənilən vasitəyə əl ata biləcək “Jelezniçar”dır.
İyulun 27-də “Qrbaviça”da – doğma azarkeşlərinin gözü önündə hər imkanda yerə yıxılmaqla yaşıl meydanı xəstəxana palatasına döndərən, “Neftçi”nin futbolçularını təxribata çəkmək üçün müxtəlif əl-qol hərəkətləri edən bosniyalı futbolçuları və onlardan heç də geri qalmayan baş məşqçiləri Nermin Başiçi gördük.
Öz “evində” futbolun adına ləkə salan bu komandanın səfər qarşılaşmasında betərini edəcəyinə şübhə yoxdur. Ona görə də “rəqib “Jelezniçar”dır” deyib keçməyək.
Maraqlısı budur ki, Bosniyanın köklü klubu səfər oyunlarında da sərfəli nəticə qazanmağı, udmağı bacarır.
Bu komanda son 10 ildə avrokuboklarda 12 səfər matçına çıxıb.
Bunlardan 5-də məğlub olub, 2 dəfə bərabərə qalıb, digər 5 halda isə meydanı qalib tərk edib.
Məğlub etdiyi komandaların adlarına diqqət yetirək:
Lovçen (Monteneqro) – Jelezniçar 0:1
Baltsan Yuts (Malta) – Jelezniçar 0:2
Ferentsvaroş (Macarıstan) – Jelezniçar 0:1
Narva Trans (Estoniya) – Jelezniçar 0:2
Dinamo Minsk (Belarus) – Jelezniçar 1:2
Rəqiblərin adına və hesablara baxandan sonra, yəqin ki, əlavə şərh verməyə ehtiyac yoxdur. Məğlub olduğu rəqiblər arasında “Viktoriya Plzen” və “Standard Lyej” kimi komandalar da var ki, səfərdə çexlərə 3:4, belçikalılara 1:2 hesabı ilə uduzublar. Yəni, sona qədər döyüşüblər.
Odur ki, “Neftçi” hər bir halda bu rəqibə qarşı son dərəcə diqqətli olmalıdır.
“Qrbaviça” stadionunda baş tutan ilk görüş 2:2 hesabı ilə başa çatıb.
Bu axşam baş tutacaq cavab qarşılaşması saat 21:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

