10 gün əvvəl “Neftçi”də prezident postunda Kamran Quliyevi əvəzləyən Fərrux Mahmudov əməli fəaliyyətə başlayıb.
Prezident səlahiyyətlərini daşıyan baş icraçı direktor təyin olunduqdan dərhal sonra “ağ-qaralar”la Bosniya və Hersoqovinaya uçan Mahmudovun başı hazırda avrokubok matçlarının təşkilinə və transfer çalışmalarına qarışıb.
Bununla belə, il ərzində görülməli olan mühüm işləri də diqqətdə saxlayır.
Sıx qrafikə baxmayaraq, başqan “Neftçi” rəsmilərindən klub üçün son dərəcə əhəmiyyətli olan baza və akademiyanın durumu ilə maraqlanıb.
O, bununla bağlı Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasına yollanıb.
Fərrux bəy gördüklərindən hər nə qədər razı qalsa da, çatışmazlıqları qeyd dəftərçəsinə yazıb. Prezidentə yubanma prosesinin səbəbləri barədə məlumat verilib.
Mahmudovun istəyi bazanın ən qısa zamanda tam hazır olmasıdır. Əsas komandanın müasir standartlara cavab verən məkanda məskunlaşmasını istəyir.
Həmçinin, aşağı yaş qruplarından ibarət komandalar da bir məkana yığılmalıdır. Pərakəndəlik “Neftçi”nin adına yaraşmır düşüncəsindədir.
Prezident mövcud durumla tanış olduqdan sonra klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəflə görüşü, ya da ətraflı telefon danışığını gözləyir.
Gördüklərini ilk cəhddə patronun diqqətinə çatdıracaq, ondan məsələnin qısa zamanda həllini xahiş edəcək.
HƏBİB / SPORTİNFO.AZ

