Bu gün “Neftçi” Konfrans Liqasında növbəti sınaq qarşısındadır.
Ötən cümə axşamı Sarayevoda “Jelezniçar”la üz-üzə gələn və Rəhman Hacıyevin oyunun son saniyələrində vurduğu möhtəşəm qolla məğlubiyyətdən xilas olan “ağ-qaralar” (2:2) bu dəfə doğma meydanda sözünü deməyə çalışacaq.
“Jelezniçar”ın qalib gəlmək üçün hansı yollara əl atdığını matçı izləyənlər gördü. Bu dəfə sıra “Neftçi”də və onun azarkeşlərindədir.
Komandanın əsas simalarından olan israili vinger Kenni Sayef Sportinfo.az-a açıqlamasında komandasının bosniyalılarla cavab görüşündən öncə fikirlərini bölüşüb, azarkeşlərin dəstəyinə bel bağladığını gizlətməyib:
“Biz üzərimizə düşəni etməyə çalışacağıq. Bununla yanaşı, stadionun tam dolacağına ümid edirəm.
Azarkeşlərimiz hər zaman tribunalarda möhtəşəm ab-hava yaratmağı bacarırlar. Bu dəfə də “12-ci oyunçu” funksiyasının öhdəsindən layiqincə gələcəklərinə inanıram.
İndiki vəziyyətdə onların dəstəyi çox vacibdir. Lazım olan nəticəni qazanıb, növbəti mərhələyə adlayacağımıza ümid edirəm”.
Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu saat 21:00-da başlayacaq.
HƏBİB

