Yaxşı ki, operatorlar bizə “Jelezniçar” - “Neftçi” oyununun sonlarına yaxın – meydan sahiblərinin futbolçuları yerli-yersiz yerdə qaldığı anda tribunadakı bosniyalı azarkeşləri yaxından göstərdi.
Həmin an anladım ki, 90 dəqiqə sevimli komandalarına dəstək verən fanatlar da mövcud durumdan narazıdır. Üzlərindəki nifrət dolu təbəssüm real durumla barışmadıqlarını əks etdirirdi.
Əks halda, Bosniya futbolunun ümumilikdə təxribatçı və aktyorluq bacarığı yüksək olanlardan qurulması ilə qəbullanacaqdım.
Anladım ki, yox, futbolu şirkinləşdirən “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və onun tapşırıqlarını “məharətlə” yerinə yetirən futbolçulardır.
Bosniyada Pro kateqoriyasına sahib olan ən gənc yaşlı məşqçi statusuna yiyələnən və illərdir bu adı daşımaqda olan Başiçin futbol savadının hansı səviyyədə olduğunu oyunu izləyən yüzminlər gördü.
Rəqibi təxribata çək, topsuz vəziyyətdə ayağına vur, hesabda önə keçən kimi yıxıl yerdə qal, hələ bir utanmaz-utnamaz fasilədə paltardəyişmə otağına gedən dəhlizdə “Neftçi”nin futbolçularına qışqır-bağırla, əl hərəkətləri ilə acıq ver – budur Nerminin məşqçilik bacarığı.
İndiyə qədər “Çelsi”, “Arsenal”, “İnter”, “Roma”, “Sevilya”, “Monako”, “Borussiya Dortmund” kimi adlı-sanlı komandalar Bakıya dəfələrlə səfər edib. “Neftçi”, “Qəbələ”, lap elə “Qarabağ”ın özü də rəqiblərindən zəif təsir bağışlayıb, qapısından çox sayda qol buraxıb.
Amma Azərbaycan klubları meydanda barbarlıq etməyib. Futbolu kişi kimi oynayıb, uduzub və meydanı kişi kimi tərk edib. Yəni, uduzmağı da kişi kimi bacarmışıq.
“Jelezniçar”ın futbolçuları meydanıdan qalib qismində ayrılmaq üçün hər cür çirkinliyə əl atdı. Lakin futbol Tanrısı Rəhman Hacıyevin əli ilə yox, ayağı ilə bosniyalıların sifətinə tərs sillə vurmağa yardım etdi. Bu, təkcə baxımlı qol deyildi. Həm də futbol ədalətinin göstəricisi idi.
Avqustun 3-də Bakıda cavab qarşılaşması keçiriləcək. Bizimkilərin onlar kimi qaraçılıq etməyəcəyinə adım kimi əminəm. “Neftçi” tribunalardan aldığı dəstəyin sayəsində “Jelezniçar”ı meydanın ortasında “yerə göməcək”.
Bax, bosniyalılar həmin gün hədəfə çatmaq üçün çirkin yollara əl atmaqdansa, futbol oynamağın daha münasib olduğunu anlayacaq.
“Neftçi” bütün komponentlərdə rəqibini üstələyir. Bircə qalır istədiyi futbolu göstərib, rəqibin hər imkanda yerə yıxılan qapıçısını bu dəfə topu tordan tez-tez çıxarmağa məcbur etmək.
Gələn həftənin dördüncü günü 8-ci km stadionunda iyulun 27-də “ölən” “Jelezniçar” üçün cümə axşamı məclisi təşkil olunacaq.
Bütün Azərbaycanın ayağı, gözü və qulağı orada olacaq. Hər kəs Bosniya nəhənginin “yas mərasiminə” dəvətlidir.
HƏBİB / SPORTİNFO.AZ

