"Kolo-Kolo"nun futbolçusu Xordi Tompsonla maraqlanan Azərbaycan klubunun adı bəlli olub.
Bu barədə "dalealbo.cl" məlumat yayıb.
Bildirilib ki, "Neftçi" 19 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. İddiaya görə, yaxın günlərdə rəsmi təklif göndəriləcəyi və danışıqların intensivləşəcəyi gözlənilir.
Xordi Tompson Çilinin U-20 yığmasının üzvüdür. Portuqaliyadan "Çaves" də onu transfer etməkdə maraqlıdır.
Tompson bu ilin yanvar ayından "Kolo-Kolo"nun əsas komandasında çıxış edir. Ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Redaksiyamızın əldə etdiyi məlumata görə, Çili klubu "Neftçi"dən 250 min avro təzminat tələb edir.
Üstəlik, bakılılar gənc istedadı sonradan başqa yerə satarsa, əldə olunacaq məbləğin 20 faizini "Kolo Kolo"nun hesabına köçürməlidir.
Tompson Azərbaycana gələrsə, ildlik 300 min avro civarında gəlir əldə edəcək. Paytaxt təmsilçisi onunla uzunmüddətli - 3-4 illik müqavilə imzalamaq niyyətindədir.
SPORTİNFO.AZ

