"Futbolçularım "Neftçi"yə qarşı əsl döyüşçü kimi oynadı"

28 İyul 2023 02:10 Neftçi 1 194
"Futbolçularım "Neftçi"yə qarşı əsl döyüşçü kimi oynadı"

"Futbolçularımla fəxr edirəm. Rəqibə qarşı əsl döyüşçü kimi oynadılar".

Sportinfo.az xəbər verir ki, bunları "Jelezniçar"ın baş məşqçisi Nermin Başiç Bosniya və Herseqovinada "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis son dəqiqələrdə buraxılan qola görə məyus olduğunu gizlətməyib:

"Avropada müdafiə olunmağı öyrənmək üçün əziyyət çəkməlisən. Sonadək bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".

"Nefçi"nin texniki cəhətdən güclü komanda olduğunu bildirən çalışdırıcı "ağ-qaralar"a çox qol şansı vermədiklərini söyləyib:

"Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi".

Komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti