“Neftçi”nin Konfrans Liqasındakı rəqibi “Jelezniçar” Bosniya və Hersoqovinada kifayət qədər tanınır.
1921-ci ildə yaradılan klub müstəqillik tarixində 6 dəfə ölkə çempionu olub, bir o qədər ölkə kubokunu qazanıb. 3 dəfə superkuboku başı üzərinə qaldıraraq rekord müəyyənləşdirib.
Xoşbəxt günlər keçmişdə qalıb. “Göylər” sonuncu çempionluğu 2013-cü ildə bayram edib. Ölkə kubokunun qalibi olmaq sevincini isə 5 il əvvəl yaşayıb.
Komandanın hazırkı durumundan danışmalı olsaq, “Jelezniçar” ötən mövsümü 3-cü pillədə başa vurmaqla Konfrans Liqasında iştirak etmək imkanı qazanıb. Onlar da “Neftçi” kimi cari avrokubok mübarizəsinə indi başlayır.
Komandanın baş məşqçisi 39 yaşlı Nermin Başiçdir. Baş məşqçi fəaliyyətinə 11 il əvvəl start verən Başiç vətənində yüksək liqada ən gənc baş məşqçi kimi tarixə düşüb. Üstəlik, Bosniyada Pro kateqoriyasına sahib olmuş ən gənc çalışdırıcıdır.
“Jelezniçar”ın heyətində ötən mövsümlə müqayisədə müəyyən dəyişikliklər yaşanıb. Bəziləri əsas heyət üzü olmaqla 8 futbolçu kollektivi tərk edib, onların əvəzinə 7 nəfər cəlb olunub. Hazırda “Jelyo”nun (klubun ləqəbidir – H.) heyətində cəmi iki legioner var – biri braziliyalıdır, digəri qanalı. Digərləri Bosniya və Hersoqovina vətəndaşlarıdır.
“Neftçi”nin xeyrinə işləyən məqam rəqibin avrokubok təcrübəsinin zəngin olmamasıdır. “Jelezniçar” avrokuboklarda sonuncu dəfə 3 il əvvəl, 2020-ci ildə çıxış edib və Avropa Liqasındakı ilk cəhddə mübarizəni dayandırıb.
Bosniya müstəqillik qazanandan sonra beynəlxalq arenalarda 1998-ci ildən çıxış etməyə başlayan Sarayevo təmsilçisi bu müddətdə avrokuboklarda cəmi 53 oyuna çıxıb.
Əksər hallarda mübarizəni birinci və ikinci mərhələlərdə dayandırıb. Bir dəfə Çempionlar Liqasında, iki dəfə Avropa Liqasında üçüncü mərhələyə qədər irəliləməyi bacarıb. Tarixində bir dəfə də olsun pley-offda çıxış etməyib.
Əvvəlki uğurlarından uzaq düşən, avrokuboklarda ciddi mənada heç nə ilə yadda qalmayan, heyəti yerli futbolçulardan ibarət olan komandanın onu hər komponentdə üstələyən “Neftçi” ilə görüşdən hansı nəticə ilə ayrılacağını bir neçə saatdan sonra görəcəyik.
Bildiyimiz odur ki, “ağ-qaralar” bu rəqibi mübarizədən kənarlaşdırmalıdır. Əks halda, bizə bakılıların halına ağlamaq qalacaq.
“Jelezniçar” – “Neftçi” görüşü bu axşam 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

