Konfrans Liqasındakı sonuncu təmsilçimiz “Neftçi” bu axşam Bosniya və Hersoqovinada qonaq olacaq.
“Ağ-qaralar” bu ölkənin adlı-sanlı komandalarından olan “Jelezniçar”la üz-üzə gələcək.
Hazırkı məqamda sual doğuran məqamlardan biri Adrian Mutunun çalışdırdığı kollektivin “Qrbaviça” stadionunun tribunalarından hansı dəstəyi görəcəyidir.
Bosniyada yaşayan həmyerlilərimizin sayının kifayət qədər az olduğunu nəzərə alsaq, bakılıların Sarayevoda tək qalacağını düşünmək olar.
Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə telefon danışığına qədər bu yöndə ehtimalımız ümid vermirdi.
Əlaqə saxladıqda məlum oldu ki, narahatlığa gərək yoxdur. “Neftçi”nin futbolçuları qonaqlar üçün ayrılan sektordan sevgi hiss edəcək.
Belə ki, “Neftçi” rəsmiləri meydan sahibi klubdan 65 bilet alıb. Bosniyada azərbaycanlıların sayı çox olmadığı üçün daha çox biletə ehtiyac duyulmayıb.
Səfirlikdə çalışan, Sarayevoda yaşayan və Xorvatiya, Serbiya kimi qonşu ölkələrdən oyunu izləmək üçün Bosniyanın paytaxtına gələn soydaşlarımızın sayı ən yaxşı halda 50 nəfər olacaq.
Azərbaycan bayrağı və digər atributlarla “silahlanacaq” azarkeşlər yenilənmiş “Neftçi”yə 90 dəqiqə dəstək verəcək.
“Ağ-qaralar” heç bir halda dəstəksiz qalmayacaq.
“Jelezniçar” – “Neftçi” oyunu bu gün saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

