"Neftçi"ni Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Bu gün keçiriləcək "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" matçının baş hakimi Estoniyadan Yuri Frişer olacaq.
Köməkçi hakimlər Veyko Mıtsnik və Sander Saqa, dördüncü hakim Kevin Kayvo təyin olunub.
38 yaşlı ədalət qoruyucusu Estoniyanın yüksək dəstəsində 2012-ci ildə, 27 yaşında debüt edib. Bundan 4 il sonra isə yaxasında FİFA-nın emblemini gəzdirməyə başlayıb.
2016-cı ildə Avropa Liqasında debüt edən estoniyalı referinin beynəlxalq oyun təcrübəsi zəngin olsa da, UEFA-nın bayrağı altında keçirilən turnirlərdə 13 oyunda meydanda əsas söz sahibi olub.
Frişer 2019-cu ildə Bakıya səfər etməyə imkan tapıb.
Avropa Liqasının 2019-2020 mövsümünün qrup mərhələsində “Qarabağ” – “Düdelanj 91”i qəbul edəndə, eston referi Respublika stadionunda dördüncü hakim funksiyasını daşıyıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
U-19 və U-21-lərin beynəlxalq yarışlarına dəfələrlə təyinat alan Yuri əsas yığmaların oyunlarında cəmi 2 dəfə əsas söz sahibi kimi görünüb.
O, hətta Azərbaycan seçməsinin qələbəsinin canlı şahidi olub.
2016-cı ildə U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Farer adaları ilə Azərbaycan yığması arasında baş tutan qarşılaşmada eston referi dördüncü hakim funksiyasını daşıyıb.
7 il əvvəlki qarşılaşmada yığmamızın qələbə topunu vurmuş Azər Salahlı hazırda “Neftçi”nin sıralarındadır. Həmin matçda ehtiyatda qalmış Emil Balayev də həmçinin.
Yuri Freşer ölkəsində, eləcə də, avrokuboklarda sərt hakim kimi tanınır. O, klub turnirlərində idarə etdiyi 13 qarşılaşmada 64 sarı vərəqə göstərib ki, bu da hər oyun üçün orta hesabla 5 “sarı” deməkdir.
O, karyerası ərzində bütün yarışlarda idarə etdiyi 334 matçda əlini 60 dəfə qırmızı vərəqə üçün cibinə aparıb. Bunlardan 25-i birbaşa “qırmızı” olub.
İyulun 27-də Sarayevoda keçiriləcək “Jelezniçar” – “Neftçi” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

