Bilindiyi kimi, Rusiyadan vətənə qayıdan “Neftçi” “Jelezniçar”la oyunun hazırlıqlarını Bakıda keçib.
Lakin nə klubun Nobel prospektində yerləşən bazanın ərazisindəki yaşıl meydanda, nə də “Türk Hava Yolları” təlim-məşq bazasında.
“Ağ-qaralar” Bakı Olimpiya Stadionunun ehtiyat stadionundan yararlanıb.
Bu, yeni baş məşqçinin Adrian Mutunun istəyi nəticəsində gerçəkləşib.
Komandaya Bakıya qayıdandan sonra rumın çalışdırıcı həm bazanın ərazisindəki qazonla, həm də təlim-məşq bazasındakı meydanda tanış olub.
Birində otun durumu onu qane etməyib, digərində futbolçular üçün şərait.
Belədə, Mutuya BOS-dakı qazon təqdim olunub. O, buradan xeyli razı qaldığından, futbolçuların məhz ölkənin bir nömrəli arenasının xidmətindən yararlanmasını istəyib.
Bilməyənlər üçün qeyd edək ki, bazadakı qazonun vəziyyəti illərdir eyni haldadır – peşəkar komandanın işinə yaramır, üstəlik, ölçüləri kiçikdir.
Bazadakı meydanlar əlverişli olsa da, burada soyunub-geyinmə və duş otaqlarından həm də digər yaş qruplarından ibarət komandalar istifadə edir. Həm də “Neftçi”nin çəkisinə uyğun deyil.
Bakılılar bu gün Konfrans Liqasında “Jelezniçar”ın qonağı olacaq. Cavab qarşılaşması avqustun 3-də “Bakcell Arena”da keçiriləcək və oyun saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

