“Neftçi” “Jelezniçar”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim olunub.
İki gün əvvəl futbol qurumuna göndərilən siyahıda 26 futbolçunun adı yer alıb.
Mövsümlərarası fasilə dönəmində komandaya cəlb olunan Emil Balayev, Filip Ozobiç və Yuri Matiasın adı ərizədə var.
Lakin son iki gündə reallaşan üç yeni transfer Mark Tamaş, Qara Qarayev və Ervin Koffinin adı siyahıya salınmayıb.
“Neftçi”sevərlər üçün sual doğuran məqam bu futbolçuların Bosniya və Hersoqovina təmsilçisinə qarşı oynayıb-oynamayacağıdır.
Məsələyə aydınlıq gətirmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.
Məlum oldu ki, “ağ-qaralar”ın oyun gününə qədər iki futbolçunu sifariş etmək hüququ var. Bunlar Tamaşla Koffi olacaq.
Yəni, baş məşqçi Adrian Mutu ehtiyac duyarsa, bu futbolçular hər iki oyunda bakılılara kömək edə bilər.
Qara Qarayev isə, daha öncə xəbər verdiyimiz kimi, təsnifat mərhələlərində “Neftçi” formasında meydana çıxa bilməz.
Buna səbəb 30 yaşlı futbolçunun cari avrokubok mövsümündə “Qarabağ”ın heyətində “Linkoln”a qarşı 3 dəqiqə oynamasıdır.
Komandalar arasında ilk oyun iyulun 27-də Bakı vaxtı ilə saat 23:00-da “Qrbaviça” stadionunda, cavab görüşü isə avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

