“Neftçi”nin yeni transferi “Jelezniçar”la oyunlarda komandasına kömək edə bilməyəcək.
Söhbət Qara Qarayevdən gedir.
Buna səbəb 30 yaşlı yarımmüdafiəçinin cari avrokubok mövsümündə iştirak etməsidir.
Qarayev “Qarabağ”ın heyətində “Linkoln”la səfər qarşılaşmasında 3 dəqiqə meydanda olub. Və bu fakt onu “Neftçi” formasında Konfrans Liqasında iştirak etməkdən məhrum edib.
Mövcud durum təsnifat mərhələləri üçün keçərlidir. “Ağ-qaralar” qrup mərhələsinə vəsiqə qazansa, “2 nömrə” komandasına kömək edə biləcək.
Yaranmış əngələ baxmayaraq, o, komanda yoldaşları ilə birlikdə Bosniya və Hersoqovinaya yollanacaq.
Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək “Jelezniçar”la “Neftçi” iyulun 27-si qarşılaşacaq. Bosniyadakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ

