Üç həftəlik Rusiya səfərini başa vuran “Neftçi” vətənə qayıdıb.
Sportinfo.az xəbər verir ki, Moskva (Domodedovo) – Bakı reysi ilə havaya qalxan “ağ-qaralar” iyulun 19-u səhər 6 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
“Neftçi”ni gözləmə zalında gözləyənlər arasında saytımızın əməkdaşı da olub. Və maraqlı mənzərə ilə qarşılaşıb.
Belə ki, “Neftçi” ilə eyni təyyarədə Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi “Jelezniçar”ın üzvləri də yer alıb.
Bosniya və Hersoqovina təmsilçisi “Dinamo” (Minsk) ilə oyun üçün Sarayevodan Moskvaya, oradan Bakıya uçub. “Jelezniçar”ın futbolçularının Moskvada təyyarəyə minməsi “Neftçi”lilərin təəccübünə səbəb olub.
Hətta bəziləri mərhələnin bosniyalıların keçdiyini və məhz bakılılarla qarşılaşmaq üçün ölkəmizə uçduğunu təxmin edib. Çox keçmədən bu cür düşününlərə əsl səbəb çatdırılıb.
“Jelezniçar”la “Dinamo” arasında Bonsiyada keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. İyulun 20-də “Azərsun Arena”da baş tutacaq cavab görüşündən sonra “Neftçi”nin rəqibinin adına aydınlıq gələcək.
HƏBİB / SPORTİNFO.AZ

