Mutu bu azərbaycanlı məşqçinin yanında kimdir?

21 İyul 2023 23:00 Neftçi 5 477
Mutu bu azərbaycanlı məşqçinin yanında kimdir?

"Neftçi" yeni layihənin başındadır. Adrian Mutunu baş məşqçi gətirən "ağ qaralar" transfer çalışmalarına da start verib.

Görünən odur ki, əcnəbi çalışdırıcıya burada gözün üstən qaşın var deyən olmayacaq. Yekunda nələrin olacağını indidən iddia etmək elə də asan deyil.

Amma izlədiyim proseslər bir anlıq Samir Abasov dönəmini gözlərim önünə sərdi.

Yazıq, yalnız, çarəsiz və ÇEMPİON Samir Abasov...

"Neftçi"nin sonuncu çempionluğunu qazanmasından 2 mövsüm keçir.

Məhz 2020/21 mövsümünün əvvəli komandanın başına keçən Samir Abasov 9 ildən sonra bakılıların qızıl həsrətinə son qoymuşdu.

Azərbaycanlı məşqçi "Neftçi"yə gələndə "ağ qaralar"ın əzəli rəqibi "Qarabağ"a 0:6 uduzmasının heç 40 günü arxada qalmamışdı.

Amma Abasov heç 40 həftənin tamamı olmamış həmin dağılmış, sökülmüş heyəti çempion etməyi bacarmışdı.

Ona yeni gələndə nə əlavə büdcə ayrıldı, nə də yeni transferlər üçün zəmin yaradıldı.

Köhnə hamam, höhnə tasla yola davam edildi.

Hətta çempionluqdan sonra aparıcı liderlər - Mamadu Kane, Sabir Buqrin, Namiq Ələsgərov, Anton Krivatsyuk, Stiven Monroz pula görə ya klubdan göndərildi, ya da satıldı. Qarşılığında isə heç bir normal transfer edilmədi. Bu da çempion məşqçiyə qoyulan "HÖRMƏT"!

Amma dünən kluba gələn Adrian Mutuya görə paytaxt klubunun rəhbərliyi əldə-ayaqda gedir. Təsəvvür edin ki, qısa müddətdə keçidi həll edilən braziliyalı Yuri Matiasa görə nə az-nə çox 400 min manat təzminat ödənilib. Lazım olsa bundan sonra da rumıniyalı üçün hələ belə jestlər çox ediləcək.

Maraqlıdır, niyə?

Axı Mutu Abasovun yanında kimdir? Bu gün "Neftçi" üçün heç kim!

Kimsə gəlib böyük futbolçu karyerasından nağıllar danışmasın. Mutunun parlaq karyerası onun millisinə və oynadığı böyük klublara xeyir gətirib. Məşqçi kimi isə hələ bir klub ondan xeyir görməyib. Heç öz ölkəsinin milli komandası da.

"Neftçi"də nələr olacağı da sual altındadır. Amma Samir Abasovun alın təri ilə və 9 ildən sonra qazanılan çempionluğu var(dı). Ki, məşqçi kimi Mutudan da yaxşı CV-si olan həmyerlisi Regekampf həmin uğurun yaxınına da düşə bilmədi. Daha artıq büdcə, daha çox futbolçu potensialı ilə.

Dünən uğurlu olan Abasova üz çevirib, ilk fürsətdə ("Qarabağ" olan yerdə "Neftçi" gümüş qazanmışdı.

Buna fürsət demək olarsa...) qapını göstərən adamların bu gün heç bir uğuru olmayan Mutu kimilərə milyonları göstərməsinin tək adı ədalətsizlikdir.

Hələ yumşaq dillə desək. Azərbaycan futbolunda bu məntiq, bu təfəkkürlə yola çıxan bir kimsənin uğur qazandığını xatırlamıram. Bəs indik "Neftçi"? Onu da buraxaq zamanın ixtiyarına.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti