“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu üçün Azərbaycana səfər ilk deyil.
O, gənc yaşlarında Bakıya gəlib. Hətta qol vurmağa imkan da tapıb.
1998-ci ilin yayında püşk “Dinamo”nu (Bakı) UEFA kubokunun birinci təsnifat mərhələsində “Arceş Piteşti”yə (Rumıniya) rəqib edib.
Komandaların ilk oyunu iyulun 22-də Rumıniyada baş tutub. Meydan sahibləri təmsilçimizi meydana çıxmağa peşman edib - 5:1.
19 yaşlı Mutu həmin qarşılaşmada start heyətində yer alsa da, 5 qoldan heç birinə imzasını yazdıra bilməyib.
Əvəzində, bir həftə sonra Bakıdakı cavab oyununda öz sözünü deyib.
Gənc forvard bu dəfə “11-lik”də şans qazanıb və 51-ci dəqiqədə Rauf Salamovun qapısından keçirdiyi topla adını Tofiq Bəhramov adına Respublika stadionunun o vaxtkı tablosuna yazdırmağı bacarıb.
Bu, Mutunun avrokuboklarda vurduğu ilk qol kimi tarixə düşüb.
Rumıniya futbolunun tanınmış futbolçularından olmuş “Neftçi”nin hazırkı çalışdırıcısı avrokuboklarda meydana çıxdığı 60 oyunda 26 qol, 8 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

