“Neftçi”ni kim dəyişdi, nə dəyişdi?

17 İyul 2023 21:20 Neftçi 3 196
“Neftçi”ni kim dəyişdi, nə dəyişdi?

“Neftçi”nin Sankt-Peterburqdakı sonuncu oyununu izləyənlər təəccüb içindəydi.

Ötən ayın sonundan Rusiyada toplanış keçən və bu müddətdə üçüncü matçına çıxan bakılılar “Fənərbağça”nın önündə tir-tir əsmədi. Əksinə, mübarizliyi və sürəti ilə Türkiyə nəhənginə “mən də varam” deməyi bacardı.

İllərin təcrübəsi Edin Dzekonun mükəmməl mövqe seçimi və başla usta vuruşu olmasaydı, bəlkə də oyun qolsuz bərabərliklə başa çatacaqdı.

“Zenit”lə oyunun ikinci hissəsində, “Partizan”la qarşılaşmanın əvvəlindən sonuna qədər meydanda varlığı ilə yoxluğu bilinməyən komanda, məntiqlə, “Fənər”lə dueldə fiziki və psixoloji baxımdan bərbad durumda olmalıydı.

Lakin əksini gördük. Futbolçulara sanki mühərrik qoşmuşdular. Futbolçular sanki ölüm-qalım savaşına çıxmışdılar. Sanki yeni baş məşqçi Adrian Mutu onlara son sözünü deyib, meydana buraxmışdı.

Bax, bu, görmək istədiyimiz “Neftçi”nin 60-70 faizi idi. Əzmkar, mübariz, rəqibin adından çəkinməyən kollektiv. Futbolda bu amil olduqca vacibdir. Komandada qələbə ruhu yoxdursa, kimi gətirirsən gətir, xeyri yoxdur.

Ağ-qara formanı geyinənlər futbol oynamağı bacardıqlarını Türkiyə təmsilçisi ilə görüşdə göstərdilər. Və sübut etdilər ki, avrokuboklarda, eləcə də, daxili çempionatda istənilən rəqibə qarşı layiqincə mübarizə aparmaq mümkündür.

Bu, kubokun finalında “Qəbələ”yə uduzan, çempionatboyu “Qarabağ”ın önündə qorxaq uşağa bənzəyən “Neftçi” deyildi. Bu, əsl “Neftçi”yə yaxın “Neftçi” idi.

Heyəti bir az da gücləndirməklə və indiki ruhu qorumaqla SSRİ dövründən bu yana (5-10 il əvvələ kimi) könüllərin sultanına çevrilən “Neftçi”ni görmək mümkündür.

Ümid edək ki, Mutunun böyük klublardakı təcrübəsi “ağ-qaralar”ı bataqlıqdan çıxarmağa kömək edəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti