Ayaz Quliyev arzuolunmaz durumla üzləşib.
buna “Neftçi” rəhbərliyinin 26 yaşlı futbolçuyla apardığı danışıqları sonradan dondurması səbəb olub.
Hələ bu ilin əvvəlindən Ayazla təmas quran “ağ-qaralar”ın rəsmiləri həmyerlimizi yayda komandada görmək istədiyini əminliklə diqqətinə çatdırıb.
Mövsümün ikinci yarısında danışıqlar davam edib, çempionat bitər-bitməz transfer mövzusu son detalına qədər müzakirə olunub və razılığa gəlinib.
Quliyev karyerasını Azərbaycanda davam etdirib, millimizdə oynamağın planlarını qurduğu halda ona Rusiya Premyer Liqa təmsilçiləri – “Rostov”la “Orenburq”dan təkliflər olub.
Ayaz heç bir halda Rusiyada qalıb ehtiyatda oturmaq istəmədiyini bildirərək, daim oynamaq şansı qazanacağı “Neftçi”də çıxış etmək arzusunda olduğunu söyləyib.
Proses futbolçunun istəyinə uyğun davam etdiyi anda “Neftçi” rəsmiləri onunla əlaqəni kəsib.
Buna çox güman, klub rəhbərliyində baş verə biləcək mümkün dəyişikliklər və yeni baş məşqçinin təyin olunması səbəb olub.
Rusiyadan aldığı təklifləri geri çevirən yarımmüdafiəçi çətin duruma düşüb.
Məcbur qalıb karyerasını başa çatan mövsümdə Premyer Liqanı tərk edən və müqavilə ilə məxsus olduğu “Ximki”də davam etdirməlidir.
2016-cı ildən Rusiya elitasında top qovan, bu müddətdə “Anji”, “Rostov”, “Spartak” (Moskva), “Arsenal” kimi komandalarda 100 artıq matçda meydana çıxan Ayaz Quliyev son mövsümü “Ximki”də keçirib.
O, burada 21 qarşılaşmanın iştirakçısı olub.
HƏBİB / SPORTİNFO.AZ

