Nəhayət, “Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəldi.
Laurentsiu Regekampfı yola salan rəhbərlik boş qalmış postu növbəti rumına – Adrian Mutuya tapşırdı.
Yaxın keçmişin Avropa futbolu ilə maraqlananlar bu ad-soyadı yaxşı xatırlayır.
Mutu “köhnə qitə”nin “Çelsi”, “Fiorentina”, “Yuventus”, “İnter”, “Parma” kimi klublarının sıralarında olmaqla qolçuluq bacarığını nümayiş etdirməyi bacarıb.
Lakin indiki halda bizi maraqlandıran Adrianın futbolçu keyfiyyətləri yox, məşqçilik savadı və bu sahədə hansı nailiyyətlərə imza atmasıdır.
Yəni, görək “Neftçi”dəki əsas söz sahibləri rumın çalışdırıcının hansı keyfiyyətlərinə bel bağlayaraq onu Azərbaycana dəvət edib.
Mutu futbolçu karyerasını gec – 2016-cı ildə, 37 yaşında başa vurub.
Və elə həmin il ölkəsinin sayılıb-seçilən klublarından olan Buxarest “Dinamo”sunun başına keçib. Baş məşqçi kimi yox, birbaşa klub prezidenti kimi.
Buradakı fəaliyyəti cəmi 1 il davam edib ki, 2017-ci ilin payızında Rumıniya Futbol Federasiyasından iş təklifi alıb və bunu dəyərləndirib. Milli komandanın Skautinq Departamentinin rəhbər postundakı fəaliyyəti də çox çəkməyib. 4 ay işlədikdən sonra 2018-ci ilin aprelində buradan da ayrılıb.
Funksionerlik sahəsində özünə yer tapa bilməyən “Neftçi”nin hazırkı çalışdırıcısı geridə qalan müddətdə məşqçilik lisenziyasına sahib olduğundan, 2018-ci ilin aprelində “Voluntari”nin sükanı arxasına keçib.
11 oyun iş başında olub və iyunda komandanı tərk edib. “Voluntari” həmin futbol ilini 14 komanda arasında 10-cu pillədə başa vurub.
İki il ərzində Rumıniyada özünü təsdiqləyə bilməyən sabiq “Çelsi”li bu dəfə ərəblərin puluna göz dikərək BƏƏ-yə yollanıb. “Əl Vahda”nın əvəzedici komandasını rumına tapşıran şeyxlər ilyarım gözləməli olub.
2018-ci ilin yayından 2019-cu ilin sonuna qədər Əbu-Dabi təmsilçisini çalışdırandan sonra daha sərfəli təklif alaraq yenidən vətənə dönmək məcburiyyətində qalıb.
Federasiyada əyləşənlər ölkənin U-21 millisini Mutuya həvalə etmək qərarına gəlib. Buradakı fəaliyyəti də uzun sürməyib. 2020-ci ilin yanvarından 2021-ci ilin aprelinə qədər gənclər millisinin başında dayanıb.
U-21-lər arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində komanda onun rəhbərliyi altında qrupda 7 matç keçirib ki, 3 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb.
21 mümkün xaldan 12 xal AÇ-nin əsas mərhələsinə qatılmağa imkan verməyib.
Apreldə millidən ayrılan Pro kateqoriyalı mütəxəssis 1 ay işsiz qalandan sonra həmin ilin mayında “Universitatya Krayova”da söz sahibinə çevrilib.
Yayda komandanı komplektləşdirib, istədiyi heyəti yığıb və kollektiv 2021-22 mövsümünə məhz onun rəhbərliyi altında başlayıb.
Bu dəfəki nəticələr də ürəkaçan olmayıb. Çempionatda 2 qələbə, 3 heç-heçə və 6 məğlubiyyətdən məmnun olmayan rəhbərlik 11-ci turdan sonra, yəni, 2021-in oktyabrında onunla vidalaşmaq qərarına gəlib.
Rumıniyada kifayət qədər nüfuza sahib olan bu adamın işsiz günləri 5 ay çəkib. Bu dəfə ölkənin digər köklü klublarından olan Buxarest “Rapid”inin başbilənləri sükanı ona tapşırmaq qərarına gəlib.
Mutunun təyinatından sonra paytaxt təmsilçisi ardıcıl 7 oyunda qələbə qazansa da, finişə yaxın 2 məğlubiyyət və 1 heç-heçə sayəsində 2021-22 mövsümünü 16 komanda arasında 9-cu pillədə başa vurub.
Həmin futbol ilində Mutu iş başına mövsümün sonuna yaxın keçdiyindən, rəhbərliyin ondan nəticə gözləməməsi anlaşılan idi.
Adrianın təcrübəsinə olan ümidlər 2022-23 mövsümündə özünü doğrultmalı idi. Ötən yay istədiyi kollektivi formalaşdırıb, mövsümə lazımınca hazırlaşmışdı.
Nəticə necə oldu? Ölkə kubokunda mübarizəni erkən dayandıran “Rapid” çempionatdakı yekunda 30 oyunun 15-də qələbə qazanıb, 7-də bərabərə qalıb, 8-də məğlub olmaqla çempionatı 16 komanda arasında 5-ci sırada tamamladı.
Və bir neçə gün öncə “Neftçi”dən aldığı təklifi müsbət dəyərləndirib məşqçilik karyerasını Azərbaycanda davam etdirməyi qərara aldı.
Statistikadan da göründüyü kimi, Adrian Mutu baş məşqçi kimi fəaliyyət göstərdiyi klublarda və yığmada uğur qazana bilməyib.
Titul üzünə həsrət qalan, ən çox işlədiyi müddət ilyarım olan, vətənində böyük məşqçi kimi tanınmayan biri üçün Azərbaycan, yaxşı pul qazanmaq və baş məşqçi kimi avrokuboklarda debüt etmək üçün əla fürsətdir.
İnanaq və ümid edək ki, “Neftçi” Mutu üçün, Mutu da “Neftçi” üçün düşərli olacaq. Ancaq bu cür məşqçilik karyerası ilə çətin.
HƏBİB

