Adı “Neftçi” ilə hallanır – Niyə ona qısqanclıqla yanaşırlar?

11 İyul 2023 20:00 Neftçi 3 280
Adı “Neftçi” ilə hallanır – Niyə ona qısqanclıqla yanaşırlar?

İnsanlar arasında çox təəssüf ki, qısqanc və paxılları da az deyil.Yəqin ki, bu hər bir ölkədə mövcud olan haldır. Lakin nədənsə buna bizdə daha çox rast gəlinir. Məsələn, incəsənət, səhiyyə, poeziya və s. sahələrdə təmsilçilərin daha çox olduğunu nəzərə alaraq, bir-birilərinin “uğuruna” qısqanclıq etmək kimi neqativ hallar mövcuddur. Ancaq elə sahələr var ki, orada azərbaycanlılar çox məhdud sayda təmsil olunur. Bunlardan biri də idmanın şahı sayılan futbolun ölkəmizdə və beynəlxalq səviyyədə menecerliyidir.
Çox da keçmiş olmayan tarixə ekskurs etsək, məlum olur ki, Azərbaycanın ilk FİFA agenti Kamil Məmmədovdur. Təxminən 20 il öncə bu sahədə fəaliyyətə başlayan poliqlot mütəxəssis 2004-2005-ci illərdə ölkə klublarında ilk transferlərini həyata keçirib. O vaxt bunlar “İnter”, “Neftçi” və “Olimpik” klubları idi.
Sonrakı illərdə Kamil Məmmədov məhsuldar fəaliyyəti ilə yadda qalaraq ölkəmizdə çox böyük maraq doğurmuş və futbolumuzun inkişafına təkan vermiş ünlü mütəxəssisləri və məşhur futbolçuları klublarımıza, habelə milli komandamıza cəlb edə bilmişdi. Bunların arasında məşqçilər - dünya çempionu Berti Foqts və başqalarını nümunə göstərmək olar. Futbolçulardan isə sonradan millimizin də üzvü olmuş Aleksandr Çertoqanovun, belaruslu Makovski və paraqvaylı Meza Kolli qardaşlarının, “Neftçi”də bombardir olmuş Nikolas Kanalesin və performansı ilə böyük rəğbət qazanan syerra-leoneli Julius Vobayın da adlarını çəkmək kifayətdir.
Tanınmış mütəxəssis həm də təşkilatçı və qurucu kimi ad qazanıb. Məsələn, ötən mövsüm qurduğu “Qusar” komandası Region Liqasında çempion olaraq Birinci dviziona yüksəldi. Minifutbol üzrə Azərbaycan çempionu olan “Birbaşa” komandasında tanınmış funksionerin fəaliyyəti heç kimə sirr deyil.
Onu da qeyd edək ki, Kamil Məmmədov təkcə ölkədaxili transferlərlə kifayətlənmir. FİFA agenti kimi Artyom Milevskini Türkiyənin “Qaziantep”, Aleksandr Aliyevi isə Rusiyanın “Anji” klublarına keçmələrində vasitəçi olub.
Yəni, təcrübəli mütəxəssis demək olar ki, dünyanın bütün tanınmış futbol ölkələrində əlaqələr qurub və onun bu gün də futbolumuza fayda vermək potensialına şübhə ilə yanaşmaq, yumşaq desək, naşılıq və səriştəsizlikdir.
Son günlərin sevindirici xəbərləri ondan ibarətdir ki, uzun illərdir Azərbaycan futbolunun flaqmanı olan “Neftçi”nin son zamanlar düşdüyü acınacaqlı vəziyyətdən çıxarılması üçün nəhayət, proqram hazırlanıb. Bu proqramın nəzarəti klubun baş sponsoru SOCAR rəhbərliyinə həvalə olunub.
Bu məqamda “Neftçi”nin yenidən dirçəlməsi üçün lazımi addımlar atmaq və komandanı Avropa səviyyəsində komplekləşdirmək üçün SOCAR rəhbərliyinin məhz təcrübəli, böyük əlaqələrə malik Kamil Məmmədov kimi adamların təcrübəsindən yararlanması futbolumuz üçün faydalı olardı.
Ona görə də, çox istərdik ki, əminliklə deyə bilək ki, nəhayət, “Neftçi”də də düzgün seçim edənlər tapıldı...
Təəccüblüsü isə odur ki, ölkəmizdə Kamil Məmmədov kimi bir mütəxəsis olduğu halda bəziləri onun gördüyü işləri aşağılamaq niyyəti güdürlər. Halbuki, onun namizədliyi ilə bağlı real bir durum yoxdur, sifarişlə tirajlanan dezinformasiyaların nəyə xidmət etdiyi də açıq-aşkar ortadadır. Bunlar uzun fasilədən sonra yenidən dirçəlməyə hazırlaşan “Neftçi”nin uğurlarını istəməyən, özlərinin merkantil maraqlarını güdən, digərlərinin uğurlu fəaliyyətinə daim kölgə salmağa çalışan qüvvələrdir. Guya ki, Azərbaycana dəvət etdiyi məşqçi və futbolçular lazımi səviyyədə performans göstərməyiblər. Bu halda hətta almaniyalı dünya çempionu Berti Foqtsun adını hallandırırlar. Lakin bir şeyi unudurlar ki, Azərbaycan futbolunun dünyada müəyyən dərəcədə tanıdılmasında məhz Berti Foqts, Robert Prosineçki kimi simaların ölkəmizdə çalışmasının böyük rolu olub...
Sonda bu cür xislətli və düşüncəli adamlara bir sual vermək istərdim:
Futbol anlayışı olmayan insan FİFA agenti ola bilərmi?

Elçin Cəfərov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti