“Neftçi” Rusiyadakı növbəti oyunda da meydanı məğlub tərk etdi.
İyulun 1-də Pari Premyer turnirində “Zenit”ə 1:3 hesabı ilə uduzan “ağ-qaralar”ı bu dəfə “Srvena Zvezda”nın futbolçuları meydana çıxmağa peşman etdi.
90 dəqiqə meydanda ciddi mənada heç nə ilə yadda qalmayan Premyer Liqamızın son bürünc mükafatçısı 4 dəfə mərkəzə dəvət olundu ki, yekunda serblər haqlı qələbəni bayram etdi.
Baş məşqçisi hələ də bilinməyən, transferlərdə gecikən, kapitanı komandaya hamıdan sonda qoşulan “Neftçi”nin Konfrans Liqasında uğur qazanacağı qətiyyən inandırıcı görünmür.
İndi hər kəsi narahat edən məsələ bakılıların avrokuboklarda da biabırçı hesablarla məğlub olmamasıdır.
“Neftçi”li fanatlar sevimli komandalarının “Srvena Zvezda”ya məğlubiyyətindən sonra ürək sözlərini klubun sosial media hesablarına boşaldıb:
“Heyf “Neftçi”dən. Serbiyalı rəqiblə “Qarabağ” oynasaydı, rəqəmlərin yeri dəyişik olardı”.
“Siz Allah, oyunu tez bitirin, çıxın gedin komandadan. Utanıb yerə girmirsiz heç?”
“Adamın ağlamağı gəlir. Heyf səndən, “Neftçi”, çox heyf”.
“Nəticəni qoyuruq bir tərəfə. Bunlar heç oyun da oynaya bilmir axı”.
“Birinci oyunda 3 dənə, ikinci oyunda 4 dənə, “Fənərbağça”yla matçda da 5 dənə buraxıb qayıdarsız”.
“Çox sağ olun. Bu gün “Neftçi” uduzdu, amma apteklər və həkimlər yaxşı qazandı. Xəstəlik tapmışıq artıq. Hamı qazanır, “Neftçi”dən başqa”.
“Fərqli “Neftçi” qurulur. Əla. Dəstəkləyir və sevinirik. Başınıza dəysin”.
“Neftçi” bu turnirə Azərbaycan futbolunun adını batırmaq üçün qatılıb”.
“Sonra da deyərsiz ki, azarkeşlər niyə stadiona gəlmir. Hansı gününüzə gələk? Adamda nə həvəs qoymusuz, nə istək. Tüpürüm belə futbola”.
“Bu cür məğlubiyyətlərlə bizi avrokuboklardakı biabırçılıqlara hazırlayırlar. Yoxsa baş məşqçisiz “Neftçi”nin Sankt-Peterburqda nə işi var?”
“Ağ-qaralar” turnirdəki sonuncu görüşünü iyulun 15-də “Fənərbağça”ya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə 15:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

