"Neftçi"də Emin Mahmudovla bağlı "ayrılıq nəğməsi" xoş sonluqla başa çatdı.
Hələ ötən mövsümün gedişindən başlayan ayrılıq söhbətləri uzun müddət davam etdi.
"Xəmir" o qədər su apardı ki, hətta "Neftçi" Rusiya toplanışına kapitansız getdi.
Bir sözlə, onun qalacağı ilə bağlı ümidlər bitdiyi anda yenidən cücərdi.
Və bu gün Mahmudov "ağ qaralar"ın düşərgəsindədir.
Yarımmüdafiəçinin çox düşünməsi, gec qərar verməsi azarkeşlər arasında ciddi narazılıq yaratdı.
Çoxları onu qınadı. Ki, pul söhbəti edib.
Amma çox yanlış ediblər. Kapitanın haqqına giriblər.
Çünki Eminin dərdi pul olsaydı, çoxdan "Neftçi"ni atıb gedərdi.
Güya ona burda aldığından daha çox təklif edən klublar az olub? Əlbəttə, yox. Ötən il də, bu yay da Eminin "Neftçi"dən çox pul qazanmaq vədi verən elçiləri qapıda olub.
Lakin o, hər dəfə həmin təkliflərə üz çevirib.
Bəs indi niyə məsələ uzandı?
Çünki yöndəmsiz idarəetmə, uğursuz nəticələr haqqlı olaraq onu da yorub. Bir kapitan, bir sanballı oyunçu kimi bezdirib. Axı nə vaxta kimi nəticələr pis olacaq, azarkeşlər təhqir, mətbuat tənqid edəcək? Hardasa "dur" deməliydi də...
Düzdü, Emin şəxsi perfomansı ilə komandasının ən uğursuz dönəmində də xoş sözlərə layiq çıxış edib. Meydanda can qoyub, döyüşüb, əlindən gələnin artığın edib.
Ancaq yoldaşlarının uğursuzluğu, rəsmilərin anormal qərarları onun da performansını kölgəyə atırdı.
Belədə getmək yeganə çıxış yolu idi. Emin də həmin qərarı vermişdi.
Niyə dəyişdi?
Çünki ən üst səviyyədə vəd verildi.
"Neftçi"nin dəyişəcəyi barədə.
Klub adına layiq iddiasını geri qaytaracaq deyə.
Rəhbərliyin dəyişəcək, daha ağıllı qərarlar atılacaq deyə.
Bir sözlə, kapitanı gəmidə saxlayan güc ona verilən ŞİRİN VƏDLƏR olub.
Bu gün təkcə Emin o ümidlə kluba qayıtmayıb, bütün "Neftçi" sevərlər o ümidlə klub ətrafına cəm olub.
Necə olacağını isə təbii ki, zaman göstərəcək. Vədlər sözdə qalacaq, yoxsa əmələ daşınacaq? Gözləyək...
XANOĞLAN İMANOV

