“Neftçi” niyə hələ də baş məşqçi tapa bilmir?

8 İyul 2023 11:00 Neftçi 1 355
“Neftçi” niyə hələ də baş məşqçi tapa bilmir?

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Neftçi”də baş məşqçi hələ də bəlli deyil.

"Ağ qaralar”ın təlim-məşq toplanışına baş məşqçi əvəzi olaraq İqor Getman nəzarət edir.

Hədəfləri yüksək olan komanda qurmaq istəyən Bakı təmsilçisinin sahibi SOCAR bir neçə məşqçi ilə danışıqlar aparır.

Türkiyəli məşhur mütəxəssis Sərgən Yalçının 2 milyon dollar illik maaş istəməsindən sonra onunla danışıqlara xitam verilib.

Təcrübəli mütəxəssisdən əlini üzən klub rəhbərliyi diqqətini Avropanın digər ölkələrinə yönləndirib. Laurentsiu Regekampfın uğursuzluğu fonunda “Neftçi” yenə rumın bazarından əl çəkmir.

Bu dəfə isə hədəfdə Rumıniya futbolunun ulduzlarından olmuş Adrian Mutu var. İtaliya karyerası ilə diqqət çəkən sabiq forvard Azərbaycanda təklif alıb. Lakin onun hazırda Buxarest “Rapid”i ilə 2 illik müqaviləsi var. Rumınların rəhbərliyi Mutunu buraxmaq üçün 200 min avro təzminat istəyir.

Klubunun səhmdarlarından biri olan Viktor Antxelesku ölkəsinin mətbuatına açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, Adrian Mutunu yalnız “Neftçi” 200 min avro təzminat ödədikdən sonra sərbəst buraxa bilərlər.

Lakin bu təyinatın “Neftçi” üçün nə qədər uğurlu olacağı bəlli deyil. Mutu hələ ki, məşqçilik karyerasının başındadır. Çalışdırıcı kimi ilk ciddi klubu isə məhz elə “Rapid”dir.

Həm Sərgən Yalçın, həm də Adrian Mutu “Neftçi” üçün uğurlu seçim olmamalıdır. Elə mütəxəssislər də bu cür düşünür. Burada paytaxt klubuna bir neçə nümunə göstərmək olar. Müasir futbolda daha çox gənc və uğurlu karyerası ilə seçilən məşqçilər rol oynayır.

Düzdür, “Neftçi”də idarəçilik baxımından da problemlər var və bunu görməmək mümkün deyil. Amma “ağ qaralar”ın rəhbərliyi “Qəbələ” və “Sabah”dan nümunə götürə bilər.

“Qəbələ” 2014-cü ukraynalı çalışdırıcı Roman Qriqorçuku baş məşqçi postuna gətirir. 49 yaşlı mütəxəssis “Çernomorets”də (Odessa) adından söz etdirməyi bacarmışdı. Qriqorçuk bu komanda ilə 2013/2014 mövsümündə Avropa Liqasının qrup mərhələsdinə çıxış etmişdi. Onun Azərbaycana gəlişi ilə “Qəbələ” ölkənin ən uğurlu klublarından birinə çevrildi. Əyalət təmsilçisi 2 dəfə - 2015/2016, 2016/2017-ci illərdə Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Bununla həm də qitə meydanlarında tarix yazdı. İki dəfə ilk mərhələdən başlayaraq qrupa qədər gedən komanda kimi tarixə düşdü. Lakin “qırmızı qaralar”ın büdcəsi azaldıqdan sonra 2018-ci ildə o, Azərbaycandan ayrılmaq məcburiyyətində qaldı. Roman Qriqorçuku Azərbaycana gəlmiş ən uğurlu məşqçilərin siyahısında ilk pilləyə yazmaq olar.

“Sabah” isə yarandığı gündən bəri iddia nümayiş etdirsə də, meydanda bunu edəcək baş məşqçisini ötən il tapdı. Rusiyalı çalışdırıcı Murad Musayevlə anlaşma öz bəhrəsini verdi. Mövsümü uğurlu keçirən Masazır təmsilçisi yaxşı oyunu ilə göz oxşamağa başladı. Baxımlı oyunun fonunda nəticə də gəldi. Murad Musayev bundan öncə isə 2018/2021-ci illərdə işlədiyi “Krasnodar”la Avropa arenalarında kifayət qədər uğura imza ata bilmişdi.

Yeri gəlmişkən Roman Qriqorçuk maliyyə vəziyyəti çətin olan “Çernomorets”də davam edir. Onu Azərbaycana gətirmək o qədər də çətin deyil.

Hazırda “Neftçi” üçün də bu cür başqa variantlar mümkündür. Moldovanın “Şerif” klubunda Çempionlar Liqası qrupuna düşərək orada da tarix yazan Yuri Vernidub uğurlu seçim ola bilər.

Belaruslu çalışdırıcı Viktor Qonaçeronko da son illərin ən uğurlu çalışdırcılarından biri kimi seçilir.

Uzun illər Moskva MOİK-ində işləmiş çalışdırıcı hazırda “Ural”da (Yekaterinbuq) işləyir. Lakin klubun iddalı olmaması onun “Neftçi”yə keçidinə kömək edə bilər.

Əgər bakılılar təzminat ödəyəcəksə, məhz bu cür məşqçilərə diqqət yönəldə bilər (qafqazinfo).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti