Eddi rusların diqqətini çəkdi, Sayef təəccübləndirdi

7 İyul 2023 23:40 Neftçi 2 746
Eddi rusların diqqətini çəkdi, Sayef təəccübləndirdi

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Neftçi” son Rusiya çempionu “Zenit”lə qarşılaşdı.

Sankt-Peterburqda təşkil olunan “Matç TV kuboku”nun açılış oyununda təmsilçimiz ilk hissədə xoş təsir bağışlayıb qol vursa da, ikinci yarıda səviyyə fərqli özünü göstərdi.

Sergey Semakın yetirmələri vurduğu 3 qolla meydanı qalib tərk etdi – 3:1.

Oyunda diqqət çəkən məqamlardan biri qarşılaşmanı şərh edən rusiyalı həmkarlarımızın “Neftçi” və komandamızın futbolçuları haqda dedikləri idi.

Maraqlı sitatlardan bir neçəsini təqdim edirik:

“Neftçi”nin heyətindəki futbolçuların əksəri rusiyalı futbol həvəskarlarına tanışdıq. Solomon Kvirkveliya ilk illərini “Rubin”də keçirib, sonradan “Lokomotiv”in “divar”ı hesab olunub. “Rotor”da da oynayıb.

Filip Ozobiçin gəncliyi “Spartak”la bağlı olub. Düzdü, burada çox yaşamayıb.

Azər Əliyevi də tanıyırsız. “Yenisey”, “Ufa”, “Krılya Sovertov”, “Tambov”... Vaxtilə Premyer Liqada istedadlardan biri idi. İndi isə “Neftçi”də sol cinah müdafiəçisi kimi oynayır.

Emil Balayev Volqoqradda anadan olub. Amma heç vaxt Rusiyada oynamayıb. Karyerasında Qazaxıstan klubları - “Tobol”la “Turan”ın adı var.

“Saturn”da yetişən, “Spartak”da parlayan, sonradan “Tom”, “Krılya Sovertov” və “Mordoviya”da oynayan Emin Mahmudov illər öncə Rusiyanı tərk edib.

Xeyli vaxtdır “Neftçi”nin önəmli fiquru hesab olunur. Ötən mövsüm vurduğu 17 qolla komandasının bombardiri olub. Amma bu gün “Neftçi”də deyil. Görünür, gələcəyi ilə bağlı planı başqadır”.

“Kenni Sayef meydana daxil olmağa hazırlaşır. Futbolçunun maraqlı bioqrafiyası var.

Əslən İsraildəndir, ABŞ-da anadan olub. Və hər iki ölkənin millisinə dəvət alıb. İndi isə heç birində oynamır.

Belçika nəhəngləri sayılan “Anderlext”lə “Gent”in formasını geyinməyə imkan tapıb. Belə futbolçunun “Neftçi”də çıxış etməsi maraqlı faktdır. Yəqin əvvəlki formasından çox-çox uzaqdır”.

“Heyətdəki adlara baxıram. “Neftçi”nin büdcəsinin pis olmadığını görmək mümkündür. Amma “Zenit”lə müqayisə oluna biləcək dərəcədə deyil”.

“Eddi İsrafilov diqqətimi çəkir. Bu futbolçunun anası azərbaycanlıdır, atası anqolalı. Özü İspaniyada doğulub, La Liqada oynayıbı

Amma rus dilində sərbəst danışa bilir. Oyunöncəsi məşqdə şəxsən şahidi oldum. Onunla mütləq reportaj etmək lazımdır. Görək, maraqlı həyat tarixçəsi necə yaranıb”.

“İlk hissədə “Zenit”də heç nə alınmırdı. Vəziyyət o dərəcədə pis idi ki, top qapıya daxil olmaq istəmirdi.

Lakin fasilədən sonra istəməsələr belə, top qapıya gedir. İkinci yarıdakı ultra pressinq nəticəsini verməkdədir. “Neftçi” meydanın mərkəzini keçə bilmir”.

“Ağ-qaralar” turnirdə ikinci görüşünü “Srvena Zvezda”ya keçirəcək. İyulun 8-nə nəzərdə tutulan oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bakılılar sonuncu matçını iyulun 15-də “Fənərbağça”ya qarşı keçirəcək. Hakimin start fiti saat 15:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti