“Neftçi” təhlükə saçır – BU ADLARA DİQQƏT!

6 İyul 2023 20:40 Neftçi 4 924
“Neftçi” təhlükə saçır – BU ADLARA DİQQƏT!

Konfrans Liqasında iştirak edən “Neftçi” hazırlıqlarını Rusiyada baş məşqçisiz davam etdirir.

Komanda üç həftədən sonra ölkəmizi beynəlxalq arenada təmsil edəcək, lakin kollektiv klubun seleksiyaçıları – İqor Getmanla Vadar Nuriyevin sərəncamındadır.

Ötən ayın 21-dən Bakıda bir araya gələn “Neftçi”ni iyulun 1-də Pari Premyer kuboku çərçivəsində “Zenit”lə qarşılaşmada iş başında gördük.

Düzdür, təmsilçimiz ilk hissədə nisbətən xoş təsir bağışladı. Lakin fasilədən sonra rəqib təzyiqi artıran kimi “ağ-qaralar”ın varlığı ilə yoxluğu bilinmədi ki, belədə problemlər çılpaqlığı ilə göründü.

“Neftçi”nin müdafiə xətti sərhəd keçid məntəqəsini xatırladırdı. Ruslar, daha doğrusu, rusların braziliyalıları cinahın bir tərəfindən girib o biri tərəfindən çıxırdı. İstər düzünə olsun, istərsə də eninə. Hətta rəqib ötürmələr zamanı sürəti bir az artıran kimi müdafiəçilərimiz bir-birinə “girirdi”, yerə yıxılırdı, topu tapmaqda çətinlik çəkirdi.

Azər Salahlını müdafiənin mərkəzində oynatmaq tankla gələn rəqibin üstünə əliyalın çıxmaq kimi bir şeydir. Adam özünə doğma olduğu sol cinahda ümidləri doğrultmur, o ki qalmışdı mərkəzdə.

İllər öncə Rusiya Premyer Liqasından xatırladığımız Solomon Kvirkveliyanın uca boyundan başqa heç nəyi qalmayıb. Gürcü müdafiəçi, necə deyərlər, tökülüb-itir, ayaq üstə zorla dayanır. Yenə Voislav Stankoviç olanda bir-birinin nöqsanlarını bir təhər ört-basdır edə bilirdilər. Voislavsız Solomon lap birabırçıdır.

Cinahlar haqda danışmaq yersizdir. Müdafiənin “sol”u Azər Əliyev üçün deyil. Və ya, adam ideal formasından uzaqdır. Müdafiə olunmaq bacarıqsızlığı bir yana, hücumlarda da lazım olan effekti vermir. Düzdür, qazanılan penaltidə müəyyən mənada əməyi oldu. Di gəl, bir güllə bahar olmur.

Ömər Buludovun “Neftçi”nin əsas yox, hətta ehtiyat oyunçular skamyasında olması belə absurddur. Dekabrda 25 yaşını tamamlayacaq, ancaq hələ də həyəcanı üstündən atmaqda çətinlik çəkir. Komandası bir az dara düşən kimi Ömər başını da, meydandakı mövqeyini də itirir. Nə edəcəyini bilmir.

Yarımmüdafiədə Emin Mahmudovun yeri açıq-aşkar görünürdü. Son 6 ildə ağ-qara formanı geyinən kapitanın olmaması “Neftçi”nin ürək döyüntüsünü azaltmışdı sanki. Dağ boyda Eddi İsrafilov meydanın mərkəzində atasız övlada bənzəyird. Elə hey Emini axtarırdı. Fərid Yusifli perspektivlidir, amma yanında mütləq kömək lazımdır. Rəhman Hacıyevdən ona yar olmaz. Yeni transfer Filip Ozobiç də meydanda olduğu müddətdə hazırda “Neftçi”yə kömək etmək iqtidarında olmadığını göstərdi.

Cinahlarda İsmayıl Zülfüqarlı ilə Kilan Lebon? Lebonun keyfiyyətinə və bacarığına şübhə yoxdur. İsmayıla əsas heyət üzvü gözü ilə baxmağı Konfrans Liqasında mərhələ adlamayıb, bütün diqqəti növbəti Premyer Liqa mövsümünə ayıranlar bacara bilər.

Hücuma söz yoxdur. Mateus Saldanya bu gün üçün əla tapıntı və “11-lik” üçün ideal seçimdir. Braziliyalı forvard keyfiyyətlərinə sahibdir. Sadəcə, Emin kimi dəstək verən və sağ cinahda Lebon kimi hərəkətli, sürətli komanda yoldaşları lazımdır.

Yeri gəlmişkən, “çərçivə” üçün narahatlıq yersizdir. İvan Brkiç ölkədaxili yarışlarlarda olduğu kimi, xarici rəqiblə oyunun ilk hissəsində bacarığını ortaya qoydu. Rusiyalı şərhçilər də bir neçə dəfə xorvatın ünvanına tərif yağdırdı. Aqil Məmmədovla Emil Balayevin də orada olması adamı rahatlaşdırır.

Qısası, “Neftçi” yüksəliş mərhələsinə qədəm qoymaq istəyirsə, Mahmudovu qaytarmalı, ya da “orta”ya onun oxşarını gətirməli, yarımmüdafiənin hər iki cinahında oynaya biləcək vingerlə güclənməli, müdafiə xətti isə sıfırdan yığılmalıdır. “Zenit”lə qarşılaşmada təhlükə saçan mövqelər güclənməsə, bakılıların işi çətin olacaq.

Azı 4-5 futbolçuya ehtiyac var. Təbii ki, Konfrans Liqasında azı pley-ofa qədər irəliləmək, çempionluq yolunda “Qarabağ”la mübarizə aqarmaq planı varsa.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti