“Mən çox söz deyə bilərəm, yaxşısı budur...”

4 İyul 2023 20:40 Neftçi 1 393
“Mən çox söz deyə bilərəm, yaxşısı budur...”

Bir neçə gün öncə sabiq futbolçu Mikayıl Namazov “Neftçi”nin Futbol Akademiyasının rəhbəri Elşad Əhmədov haqda şok iddia irəli sürmüşdü.

Namazov “feysbuk” səhifəsində Əhmədovun akademiyada çalışan məşqçiləri aşağıladığını, Rəşad Hüseynov adlı mütəxəssisi yumruqla vurduğunu, Elçin Dərgahquliyevlə Elman Sultanovun sırf Elşad bəyin qoşuluğuna görə klubdan uzaqlaşdığını yazmışdı.

İddia kifayət qədər sərt və “Neftçi” adına qəbulolunmaz göründüyünüdən, öncə qalmaqalda adı baş rolda çəkilən Elşad Əhmədovla əlaqə saxladıq.

Akademiyada əsas söz sahibi olan rəhbər şəxs bu barədə danışmaq istəmədiyini bildirdi:

“Yazılanları ilk dəfə sizdən eşidirəm. Məsələ ilə bağlı mən çox söz deyə bilərəm. Yaxşısı budur, siz həmin məşqçilərlə əlaqə saxlayın. Doğrusunu onlar deyər sizə”.

Əhmədovun dediyi kimi etdik.

Məhəmməd adlı məşqçi, eləcə də Rəşad Hüseynovla danışmaq cəhdimiz baş tutması Adları çəkilənlərin heç biri zənglərimizə cavab vermədi.

Daha sonra Elman Sultanovla əlaqə saxladıq. Elman bəy iddianı nə təsdiq, nə də təkzib etdi. Susmağa üstünlük verdiyini bildirdi. Susmağın nəyin əlaməti olduğuna dair el məsəlini yada salıb, Sultanovla sağollaşdıq.

Elçin Dərgahquliyev isə Elşad Əhmədovla problem yaşamadığını deyib, “Neftçi”dən hansı səbəbdən ayrıldığını gizlətmədi:

“Neftçi”dən ayrılmağımın səbəbi şəxsi məsələyə görə olub. Oradakı vəziyyətdən narazı idim. A kateqoriyasına sahib olan təcrübəli məşqçiyəm.

Lakin köməkçi-məşqçi kimi çalışırdım. Ancaq elə məşqçilər var ki, B və ya C lisenziyasına sahibdir, amma əsas məşqçi kimi işləyir. Bu vəziyyət məni razı salmırdı.

Ötən ilin payızında Avropa Futbol Akademiyasından sərfəli təklif aldım. Hazırda U-16 komandasının baş məşqçisiyəm. Buradakı işim ürəyimcədir və “Neftçi”ni tərk etdiyimə görə qətiyyən peşman deyiləm”.

Mikayıl Namazovun zərərçəkən qismində göstərdiyi adlarla danışandan və mətbuata münasibətindən sonra sabiq futbolçunun iddiasının gerçək olduğunu anlamaq çətin deyil.

Rəşadla Məhəmməd zənglərə cavab verməməklə durumun mürəkkəb olmasına dair şübhə yeri qoymadı. Məsələ deyilən kimi olmasaydı, dəstəyi qaldırıb, iddianı təkzib edərdilər.

Elman Sultanovun susması da “torbada pişiyin” olmasına işarədir.

Elçin Dərgahquliyevin klubda layiq olmadığı münasibətlə üzləşməsi, yəni, A kateqoriyasına sahib ola-ola köməkçi-məşqçi kimi çalışmasının səbəbkarı da məntiqlə Elşad Əhmədovdur.

Hər halda akademiyanın tabeliyində olan komandalarla bağlı qərar verən şəxs odur.

Xəmirin çox su aparacağına şübhə etmirik. Hər halda, gözləyək...

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti