Növbəti mövsümə hazırlaşan “Neftçi” təlim-məşq toplanışını Rusiyada davam etdirir.
Pari Premyer kubokunda işirak etmək üçün Sankt-Peterburq şəhərinə yollanan “ağ-qaralar” burada həm toplanış keçəcək, həm də turnirdə yarışacaq.
Bakılılar yarışda ilk oyununu keçirib və Rusiya Premyer Liqasının qalibi “Zenit”ə 1:3 hesabı ilə uduzub.
Oyun “Matç TV” vasitəsilə canlı yayımlanıb və rusiyalı şərhçilərin maraqlı ifadələri diqqət çəkib.
Həmkarlarımızın “Neftçi”nin heyətində ən çox bəyəndiyi futbolçusu Mateus Saldanya olub. Braziliyalı hücumçu texniki bacarığı və penaltidən qol vurması ilə həmkarlarımızın rəğbətini qazanıb.
Saldanya epizodların birində rəqibin iki futbolçusundan məharətlə sıyrılan anda rusiyalı şərhçi bu ifadələrə yol verib:
“Bu, “Neftçi”nin Firminosudur. Həm xarici görünüşü, həm də hərəkətləri ilə həmyerlisinə çox bənzəyir”.
Uzun illərdir “Liverpul”un və Braziliya yığmasının şərəfini qoruyan Roberto Firmino ilə Mateus Saldanya üz quruluşuna görə bir-birinə çox bənzəyirlər.
Texniki bacarıqları arasındakı fərqi müəyyən etməyi isə siz oxucuların öhdəsinə buraxırıq.
HƏBİB / SPORTİNFO.AZ

