“Neftçi” "Matç TV" Kubokunun ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə məğlub oldu.
Bakı təmsilçisinin yeganə qolunun müəllifi Mateus Saldanya oldu. Braziliyalı hücumçu 39-cu dəqiqədə penaltidən fərqləndi.
23 yaşlı legioner təkcə oyunda fərqlənməyib, oyundan sonra da diqqətləri üzərinə çəkə bilib.
Belə ki, "Neftçi”nin futbolçusu qəribə etirafla gündəmə gəlib.
O, "Neftçi"də oynaya-oynaya “Zenit”də oynamaq istədiyini dilə gətirib.
Forvard Rusiya mətbuatında açıqlamasında bunları deyib: “Məni “Zenit”dən çağırsalar və kluba dəvət etsələr, dərhal razılaşardım. Təklif olsa, dərhal "Zenit"ə keçərəm. Amma hər şey hazırkı komandamın nümayəndələrindən asılıdır. Çünki mən "Neftçi" ilə bu il müqavilə bağlamışam”.
Ən başdan onu mütləq demək lazımdır ki, Saldaniyanın verdiyi açıqlama bir futbolçu kimi özünə və klubuna hörmətsizlikdir. Onun fikirləri heç bir etik çərçivəyə sığmır. Hə, futbolçu da insandır. Hər hansı arzusu, istəyi ola bilər. Həmçinin Saldaniya da "Zenit"də oynamağı xəyal etməsi normaldı. Amma durub bunu mətbuat önündə, həm də açıq-açığına elan etməsi tərbiyəsizlikdir. Bu, işin mənəvi tərəfidir.
Gələk işin həqiqətinə...
Saldanya yanvarda Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 illik icarəyə götürülüb. Arxada qalan müddətdə ağ-qara formada meydana çıxdığı 20 qarşılaşmada cəmi 5 qol, 1 asistlə yadda qalıb.
Etiraf edək ki, bir hücumçu üçün çox zəif statistikadır. Deməli, braziliyalı özünü heç "Neftçi"də doğrulda bilməyib. Bəs hansı əsasla Rusiya nəhəngi "Zenit"i arzulayır?
Olmaya penaldan vurduğu 1 qolla özünü ruslara sırımaq həvəsinə gəlib?
Biz tərəflərdə yaxşı bir söz var - Bir güllə bahar olmaz.
Hə, özü xam-xəyalda ola bilər, braziliyalı olduğu üçün məsəldən də xəbərsiz ola bilər, amma yanındakı dostları ona mütləq izah etsinlər ki, heç bir qolla "Zenit"li də olmaq olmaz.
XANOĞLAN / SPORTİNFO.AZ

