"Neftçi" Rusiyada təşkil olunan "Matç TV" turnirinə məğlubiyyətlə start verdi.
İlk matçda "Zenit"lə qarşılaşan komandamız 1:0 öndə olduğu görüşü 1:3 hesablı məğlubiyyətlə bitirdi.
Məşqçisiz, kapitansız, hazırlıqsız qalan "ağ qaralar" haqqında nəsə fikir bildirmək artıqdır.
Amma diqqətimi çəkən bir məsələ haqqında mütləq danışmalıyam.
Söhbət müvəqqəti olaraq baş məşqçi korpusunun tapşırıldığı Vadar Nuriyev və İqor Getman ikilisinin etdiyi əvəzetmədən gedir.
Belə ki, hakim ikinci hissəyə 5 dəqiqə əlavə etdi. Və həmin əlavə vaxtın üçüncü dəqiqəsində Aqil Məmmədov zədələndi.
Məmmədov ikinci yarı əsas qapıçı İvan Brkiçin yerinə meydana çıxmışdı.
Belədə düşünmək olardı ki, məşqçilər korpusu ehtiyatda olan 19 yaşlı Rza Cəfərova şans verəcək.
O da çox gənc yaşlarında, 2-3 dəqiqə olsa belə 20 min azarkeş, belə rəqib, əla atmosfer yaşamış olacaq. Gənc futbolçular təcrübəni bəs necə qazanırlar? Bəlkə də həmin 2 dəqiqədə edəcəyi hansısa bir seyv Rzanı ulduza çevirəcəkdi.
Lap tutaq ki, ciddi səhvlə yadda qalacaqdı. Guya bu nəyi dəyişirdi axı? Əvvəla rəsmi matç deyil, digər tərəfdən olmasın 1:3, olsun 1:4.
Təəssüf ki, Nuryev Getman ikilisi Rza qala-qala, Aqilin əvəzlədiyi Brkiçi bu dəfə Aqilin əvəzinə meydana buraxdı. Əgər belə məqamda da Rza kimi gənclər şans qazanmayacaqsa, onların səfərə aparılması nəyə və kimə lazımdır?
XANOĞLAN / SPORTİNFO.AZ

