“Neftçi”də tarix təkrarlanır.
Ötən ilin bu ayında baş verən proseslərin eynisi yaşanmaqdadır.
Mövsüm başa çatan kimi Samir Abasovla başa çatan müqavilə yenilənməmiş, komanda təxminən 1 ay başsız qalmış, iyunun son günlərində Laurentsiu Regekampf tez-tələsik “sükan” arxasına gətirilmişdi. Hadisələrin avrokuboklardakı sonrakı axarı da yadınızdadır.
Möcüzə baş verməsə, bu il də eyni ssenariyə tamaşa edəcəyik.
Hansısa əcnəbi maddi planda istəyinə çatandan sonra komandanın başına keçəcək, ilk günlər nağıllar oxuyacaq, Konfrans Liqasındakı uğursuzluqdan sonra bəhanələrlə özünə haqq qazandırmağa çalışacaq.
Ardınca Premyer Liqa başlayacaq, avrokuboklardan qalmış psixoloji gərginlik özünü göstərəcək və yenə zaman azlığı bəhanə gətiriləcək.
Sanki plan əvvəldən hazırlanır ki, yeni baş məşqçi uğur qazana bilməsin, komanda titul üzünə həsrət qalsın.
Baxın, Regekampf göndəriləcəkdisə, onun yerinə namizədlər niyə aylar öncədən axtarılmırdı? Məlum məsələydi ki, kubok qazanılmasa, rumın çalışdırıcı ilə yola davam etməyin mənası yoxdur.
Sponsorlar xərclənən milyonların qarşılığında Regenin “Neftçi”dəki gələcək fəaliyyətinə isti yanaşmayacaq. Vaxtında B planı tutulmalı, namizədlər seçilməli, danışıqlar müəyyən yerə qədər irəliləməliydi.
Deyək, yaxın bir neçə gün ərzində baş məşqçinin adına aydınlıq gəldi. Konfrans Liqasına 1 aydan az vaxt qalıb.
Heyət komplektləşməli, toplanış keçirilməli, baş məşqçi futbolçuları yaxından tanımalı, oyun fəlsəfəsini onlara aşılamalıdır. Məgər bunun üçün 3-4 həftə yetərlidir?
Belə olduğu halda sponsorlar və ya kluba cavabdeh olanlar yeni çalışdırıcıdan hansı məntiqlə nəticə tələb edəcək? Ağlı başında olan hansı adam komandanın başına keçib, qısa zaman kəsiyində “Neftçi”də xarüqələr yaradacağam” deyə bilər?
Pulunuza heyfiniz gəlirsə, buraxın əcnəbinin başını. Bundan sonra xarici çalışdırıcı gətirməyin anlamı yoxdur. Gətirsəniz belə, inanın, gələn ilin bu vaxtında yenə baş məşqçi axtaracaqsınız.
Bu işlər planla olur, tez-tələsik yox. Futbolda pul çox şeydir, hər şey demək deyil. Strategiya olmalıdır, strategiya.
HƏBİB / SPORTİNFO.AZ

